Dron hücumunda yeni izlər tapıldı: "Türklər deyil" - PUTİN ETİRAF ETDİ
04:03 – 12 Yanvar, 2018

"Suriyadakı Rusiya hərbi bazasına hücum edən pilotsuz uçuş aparatlarının araşdırılması göstərdi ki, onları kustar şəraitdə düzəltmək olmaz".

APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Rusiya Silahlı Qüvvələri Baş Qərargahının pilotsuz uçuş aparatlarının hazırlanması və inkişafı İdarəsinin rəisi general-mayor Aleksandr Novikov bildirib.

Onun sözlərinə görə, əldə olunmuş dronlardan götürülən nümunələrin analizinin nəticələri artıq məlumdur: "Birinci gəldiyimiz rəy ondan ibarətdir ki, bu cür dronları kustar üsulla hazırlamaq mümkün deyil. Bu dronların hazırlanması və istifadə olunmasında pilotsuz uçuş aparatlarının istehsalı və tətbiqi ilə məşğul olan ölkələrdə xüsusi hazırlıq keçən mütəxəssislər iştirak edib. Bundan əlavə, dronların idarə olunması üçün yüklənən koordinatlar dəqiqliyinə görə internetdən əldə oluna bilinən məlumatları üstələyir".

Baş Qərargah rəsmisi bu pilotsuz uçuş aparatlarının hissələrinin ayrılıqda satışda olduğunu və həmin hissələri almağın mümkünlüyünü də vurğulayıb: "Lakin həmin hissələrin yığılması, yəni dronun quraşdırılması və onun vahid sistemdə tətbiq olunması ancaq xüsusi hazırlıq keçmiş, bu cür aparatların yaradılması təcrübəsinə malik mühəndislər tərəfindən həyata keçirilə bilər".

Bundan başqa, Rusiya prezidenti Vladimir Putin Rusiya qəzet və informasiya agentliklərinin rəhbərləri ilə görüşündə hərbi bazalara hücumun arxasında kimin dayandığının müəyyən edildiyini bildirib. Onun sözlərinə görə, bu işdə Türkiyənin günahı yoxdur:

"Bu təxribatın kimlər tərəfindən törədildiyi bizə məlumdur. Orada türklər deyil, təxribatçılar olub. Biz onların kim olduğunu da bilirik. Bilirik ki, onlar bu təxribata görə kimə və nə qədər ödəyiblər. O ki qaldı bu insidentlərə, burada yaxşı heç nə yoxdur. Bu hücum daha əvvəl əldə etdiyimiz razılıqları pozmağa istiqamətlənib. Bəli, pilotsuz uçan aparatları Türkiyənin nəzarətində olduğu İdlib bölgəsindən buraxılıb. Bizim də nəzarət etdiyimiz ərazilərdə belə şeylər olur. Mən, Türkiyə prezidenti ilə bu məsələni müzakirə etdim. Sizinlə görüşdən qabaq türkiyəli həmkarımla telefonla danışdım. Əminəm ki, nə Türkiyə hərbçilərinin, nə Türkiyə rəhbərliyinin, dövlətinin bu insidentlə bir əlaqəsi var".

V.Putin həmçinin qeyd edib ki, nə vaxt, harada və hansı sayda pilotsuz uçuş aparatlarının ötürüldüyü məlumdur. Kustar üsulla hazırlandığı görüntüsünün verilməsi üçünsə bu uçuş aparatları kamuflyaj edilib.

X

XƏBƏRLƏR
BÖYÜT