Tramp İranla nüvə razılaşmasını ləğv etməyəcək - TİLLERSON AÇIQLADI
14:20 – 12 Yanvar, 2018

"ABŞ prezidenti Donald Tramp İrana tətbiq olunan sanksiyaların müddətini uzatmayacaq. Bundan əlavə, Ağ Ev rəhbəri rəsmi Tehranla 2015-ci ilin yayında imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planının işləmə mexanizminə əngəl törətməyəcək".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu dövlət katibi Reks Tillerson bəyan edib.

 

"Mənim prezidentlə görüşüm olacaq və biz bu məsələ ilə bağlı ümumi müzakirələr aparacağıq. D.Trampın sanksiyaların müddətinin uzadılmaması qərarını nə vaxt elan edəcəyini bilmirəm, amma bilirəm ki, prezident birgə fəaliyyət planına mane olmayacaq" - deyə, diplomat bildirib.

 

Bununla yanaşı, dövlət katibinin müavini Stiven Qoldstin Ağ Ev rəhbərinin İranın ayrı-ayrı müəssisə və şəxslərinə qarşı bəzi məhdudiyyətlər tətbiq edəcəyini açıqlayıb və yekun qərarın yanvarın 12-də elan ediləcəyinə diqqət çəkib.

 

İranın nüvə başlıqları və plutonium istehsalını məhdudlaşdıran plan 2015-ci ilin yayında ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya tərəfindən imzalanıb. Bundan əlavə, sənəd sanksiyaların ləğvi müqabilində rəsmi Tehranın uranın zənginləşdirilməsindən imtinasını da nəzərdə tutur.

 

Qeyd edək ki, İran üzərinə düşən öhdəlikləri yerinə yetirdikdən sonra o zamankı prezident Barak Obama 2016-cı ilin yanvarında bu ölkə üzərindən sanksiyaların götürülməsinə qərar verib.

X

XƏBƏRLƏR
BÖYÜT