Bakıda iki quldur tutuldu
16:04 – 12 Yanvar, 2018

Bakıda baş verən quldurluq hadisəsinin üstü açılıb.

 

APA TV-nin xəbərinə görə, Bakı şəhər sakini Roman Həsənov Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verərək, yanvarın 8-də paytaxtın Nizami rayonu Qara Qarayev prospekti 20 ünvanında iki nəfər tanımadığı şəxsin onun qarşısını kəsib pul və mobil telefonunu tələb etdiyini, həmin şəxslərə müqavimət göstərən zaman küt alətlə ona xəsarət yetirərək hadisə yerindən qaçdıqlarını bildirib.

 

Məlumat ərazi üzrə Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinə ötürülən kimi dərhal isti izlərlə cinayəti törətməkdə şübhəli bilinən şəxslərin axtarışlarına başlanılıb. Polis əməkdaşlarının operativliyi nəticəsində həmin şəxslər saxlanılaraq istintaqa təqdim ediliblər.

 

25-ci PB-nin əməkdaşı Azər Əfəndiyevin sözlərinə görə, 25-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən İmişli rayon sakini Mirzalı Fizuli oğlu Nuriyev və Lökbatan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elçin Cəlal oğlu Əsədli müəyyən edilərək saxlanılıb. Onların ətraflarında həyata keçirilən əlavə tədbirlərlə eyni tarixdə vətəndaş Sadıqlı Bəylər Cabir oğlunun da mobil telefonunu ələ keçirdikləri məlum olub.

 

Saxlanılan şəxslər ifadələri zamanı törətdikləri cinayətləri etiraf edərək, hər iki hadisəni həyata keçirmək üçün əvvəldən hazırlıq gördüklərini bildiriblər.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxslərin başqa cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nizami RPİ-yə müraciət edə bilərlər.

X

XƏBƏRLƏR
BÖYÜT