Atası Kəramət Böyükçölün əvəzinə üzr istədi! -QALMAQAL
16:03 – 15 Yanvar, 2018

Bir neçə gün bundan əvvəl yazar Kəramət Böyükçöl Xəlil Rza Ulutürk haqqında bir status paylaşdı. Bu status sosial şəbəkələrdə böyük rezonansa səbəb oldu, Kəramətin ünvanına kəskin fikirlər səsləndi. APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında qalmaqala səbəb olan status onun müəllifi ilə birlikdə müzakirə edilib.

 

Yazar Kəramət Böyükçöl hesab edir ki, yazdığı statusla Xəlil Rzanı təhqir etmək, alçaltmaq niyyəti olmayıb: "Onu şair kimi bəyənmədiyimi bildirmişəm, xoşuma gəlmir. İstedadsızdır demişəm və xalq hərəkatı dövründə bir çoxları kimi milli ədavəti qızışdıran insanlardan biri kimi Xəlil Rzanın adını çəkmişəm. Orada qeyd etmişəm ki, KQB-nin qazdığı xəndək, Xəlil Rza da bütün bu odlu alovlu çıxışları ilə ona xidmət etmiş olur. Çox təəssüf ki, onun oğlu Təbriz də atasının qızışdırdığı milli ədavətin qurbanı oldu". Yazar deyib ki, sosial şəbəkədə ünvanına yazılan təhqirlərdən narahat deyil: "Mən orda yazılan təhqirlərdən narahat olsaydım, onları silərdim. Əksinə mən istəyirdim bir az da çox yazsınlar, bunların səviyyələri ortaya çıxsın".  Yazara görə Xəlil Rzanın bütün çıxışlarının arxasında böyük bir pafos dayanıb.

 

Şair, Kəramət Böyükçölün atası Qəşəm Nəcəfzadə oğlunun yazdığı statusa belə münasibət bildirib: "Xalqımıza deyirəm ki, Kəramətin bu yazısı, bu statusu tamamilə səhvdir, düzgün deyil". Bununla belə həmin statusda kəskin fikrin olmadığını deyən Q.Nəcəfzadə oğlunun əvəzindən üzr istəyib. "Mən bir oğul atası kimi Kəramətin yerinə Xəlil Rzanın ruhundan üzr istəyirəm. Kəramət səhv eləyir, mənə elə gəlir ki, o səhvini başa düşəcək". 

 

Aktyor, Xəlil Rzanın bacısı oğlu Kamran Yunis deyib ki, Kəramətin statusuna etiraz edənlər arasında özündən savayı Xəlil Rzanın heç bir qohumu yox idi. K.Yunis üzünü Kəramətə tutaraq belə deyib: "Mən səninlə bura dava eləməyə gəlməmişəm. Əlimi atanın əlinin üstünə qoymuşam. Bu kişinin ağ saçından utan". Kamran Yunisin sözlərinə görə əgər Mikayıl Mirzə Xəlil Rzanın şerlərini bağıra-bağıra deyibsə, bu Xəlil Rzanın günahı deyil.

 

Telejurnalist Eldəniz Vəliyev də deyib ki, Xəlil Rza Moskvaya dədə yurdu kimi baxan bir xalqa azadlığın nə olduğunu bölgə-bölgə gəzib aşıladı: "Xəlil Rza "Azadlıq" radiosuna çıxıb 20 yanvar faciəmizin dünyaya çatdırılması uğrunda mübarizə aparırdı. Xəlil Rza hansı şəraiti yaratdı ki, bu millət getsin o quyuya düşsün? Qəribədir, biz Qəşəm Nəcəfzadəyə qiymət verib, onun şeirini alqışlaya bilirik, sən Xəlil Rza kimi bir nəhəngi qəbul etmək istəmirsən".

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

    

X

XƏBƏRLƏR
BÖYÜT