Şəhidlər və qazilər vətəndə necə qorunmalıdır? - MÜZAKİRƏ
12:57 – 17 Yanvar, 2018

Bir neçə müddətdir ki, həm mediada, həm də sosial şəbəkələrdə vətən üçün canını fəda etmiş insanlar, qazilərimiz, onların yaxınları haqqında aşağılayıcı fikirlər yazılır. Azərbaycanda vətən üçün canını fəda etmiş insanlar, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşmüş insanlarla bağlı hər hansı bir qanun varmı? Qanunvericilikdə bu sahədə hansı boşluqlar mövcuddur? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında Qarabağ qaziləri və əlillərinin eləcə də şəhid ailələrinin bugünkü vəziyyəti, problemləri müzakirə edilib.

 

"Qarabağ Qaziləri" İctimai Birliyinin sədri Etimad Əsədov deyib ki, Qarabağ qaziləri dövlət tərəfindən himayə olunurlar: "Amma müəyyən problemlər də mövcuddur. Bəzi dövlət qurumlarında, eləcə də icra hakimiyyətlərində bu insanları aşağılayan fikirlər söyləyirlər. Müəyyən dəyərlər var ki, onlara toxunmaq olmaz. O dəyərlərdən də biri şəhid ailələridir".  Etimad Əsədov təklif edir ki, şəhid ailələrini təhqir edən insanlar cəzalandırılmalıdır.

 

"Vətən Müharibəsi Əlilləri" İctimai Birliyinin sədri Firudin Məmmədov deyib ki, bəzi məmurlar hətta iki ayağı olmayan qazini belə qapıda gözlətdirir, onu qəbul etmirlər. F.Məmmədov avtomobillərin verilməsində hər hansı rüşvət faktlarının,  neqativ halların olmadığını deyib: "Əslində ortaya fakt qoyan yoxdur ki, bu pulu kim alıb, necə alıb?"   Birlik sədri hesab edir ki, avtomobillər qazilərə hərəkət məhdudiyyətinə görə deyil, vətən qarşısındakı xidmətlərinə görə hədiyyə edilməlidir.

 

Qaziler.az saytının baş redaktoru Rey Kərimoğlunun sözlərinə görə Qarabağ qazilərinə bəzi dövlət qurumları tərəfindən biganəlik hökm sürməkdədir: "Ölkəmizdə bu cür quruculuq işləri gedir, amma 20 ildir şəhidin qan pulu verilmir. Bunun adı hərbi qulluqçuların icbari şəxsi sığortasıdır". R.Kərimoğlu deyib ki, 20 il ərzində 6.000 nəfər ev alıb, 5.000-dən artıq adam isə növbədə dayanaraq, gözləyir: "Maşın isə hərəkəti məhdud olan şəxslərə verilir".

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.  

X

XƏBƏRLƏR
BÖYÜT