Azərbaycan televiziyasının enerji bloku necə partladıldı?
14:33 – 18 Yanvar, 2018

Azərbaycan xalqının şanlı və acı səhifəsi olan Qanlı yanvar hadisələrinin 28 ili tamam olur. Hər il bu faciə ərəfəsində yeni faktların üzə çıxmasının şahidi oluruq. Bəziləri deyir ki, Qanlı yanvara gedən yol, əslində Azərbaycan Dövlət Televiziyasından başlandı.    APA TV-nin “İlham Tumasla 40 dəqiqə” layihəsinin növbəti buraxılışında 20 yanvar faciəsinin həqiqətlərindən danışılıb, eləcə də televiziyanın partladılması ilə bağlı yeni faktlar açıqlanıb.  

Xalq artisti, kino və televiziya rejissoru Vasif Babayev deyib ki, yanvarın 19-da, televiziyanın enerji blokunda baş verən partlayışdan bir neçə saat əvvəl əməkdaşların əksəriyyəti çıxıb getmişdi: “Düz 19.26-da partlayış oldu, bütün televiziyada, radioda işıqlar qapandı. Uşaqlara dedim ki, tez təcili yardıma, yanğınsöndürənlərə zəng eləsinlər. Yanğınsöndürənlər 5 dəqiqəyə gəldilər. Bu nə deməkdir? Deməli əvvəldən bu hazırlanmışdı”. V.Babayevin sözlərinə görə televiziyanın mühəndisləri İbrahim Səfərov və Viktor Romanov müəmmalı şəkildə yoxa çıxmışdılar: “Səhər mənə zəng eləyib dedilər ki, Vasif bəy sizin o iki mühəndis milis idarəsindədirlər. Tez onları gedib çıxarın. Çıxara bilməsəniz, onlar intihar  edəcəklər və hər şeyi sizin boynunuza qoyacaqlar”. Xalq artisti həmçinin 1990-cı ilin yanvar ayının 27-də həbs edilərək, Ulyanovska sürgün edilməsindən danışıb.

Şəhid İlham Allahverdiyevin qardaşı, hadisələrin şahidi Elxan Allahverdiyev həmin gecəni belə xatırlayıb: “Salyan kazarması tərəfdən göyə yandırıcı güllələr getdi. İki tank gələrək, “İskra” zavodundan “Pioner” kinoteatrına gedən yola döndülər. Dönən kimi göyə iki fişəng atıldı”. Elxan Allahverdiyevin sözlərinə görə ailə üzvləri, dostları ilə birlikdə bütün gecə İlhamı axtarıblar: “Səhər tonqal qaladığımız yerdən üzüaşağı getdik. İlhamı soruşuram, hamı deyir ki, bilmirik. Elə indiki 20 yanvar metrosunun yanından keçəndə yerə iri qan gölməçəsi gördük. Anam ayağını saxladı, dedi ki, dayan: “Dayan o qan məni çəkir. Anan ölsün ay bala, o kimin qanıdır, nə şirin qandır?!”  E.Allahverdiyev deyib ki, Fərizə İlhamdan sonra hətta bir neçə dəfə intihara cəhd edibmiş.

“İlham Tumasla 40 dəqiqə” layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.   

X

XƏBƏRLƏR
BÖYÜT