Bütün Azərbaycan xalqına səslənirəm: mənə bu üç əsgəri böyütməyə kömək etsinlər – HƏYAT DRAMI
13:41 – 24 Yanvar, 2018

Tovuzun Girzan kəndi! Rayon mərkəzindən təxminən 15 kilometr aralı olan bu kəndə bizi aparan Əjdərovlar ailəsinin sorağı oldu. Kənddə hər kəs bu ailəni tanıyır. Həyat şəraitlərinin ağır olduğu deyilən Əjdərovlar həqiqətən də çətin vəziyyətdə yaşayırlar. Evləri köhnə, təmirsiz və soyuqdur. Qızdırmaq çətindir bu tikilini. Əjdərov Məhəmməd ailənin başçısıdır. Deyildiyinə görə Məhəmmədgil ailədə 11 övladdırlar. Yəni özündən başqa 10 bacı-qardaşı var Məhəmmədin. Onlardan 8-i qız, 3-ü oğlandır. Qardaşları ailə qurub öz evlərində yaşayırlar. Bacılarının 6-sı ailəlidir, 2 –si isə ruhi xəstəlikdən əziyyət çəkir. Məhəmmədin atası - anası illər öncə vəfat ediblər. Məhəmmədin öz ailəsi 6 nəfərdən ibarətdir. 4 övladı - 1 qız, 3 oğlan, həyat yoldaşı Xəyalə və özü. Ancaq ruhi xəstəlikdən əziyyət çəkən 2 bacısı da onlarla yaşadığı üçün ailədə 8 nəfərdirlər.

Məhəmmədin dediyinə görə, təhsili olmadığı üçün kənddə fəhləlik etməklə çörək pulu qazanır. Əvvəllər istənilən ağır işə gedə bilsə də, sonradan mədəsində yaranan xəstəlik səbəbindən həkim ona ağır fiziki işlər görməyi qadağan edib. İndi o, ancaq yüngül işlərlə məşğul ola bilir. Belə işlər də kənd yerində çox az olur. Vəziyyəti ağır olan Əjdərovlar ailəsi bəzən çörək almağa belə pul tapmırlar: “Əvvəl işləyə bilirdim, qolum tuturdu. Təzəlikcə başladı ağrılar, getdim həkimə mədədə yaranın olduğunu dedilər. Sonra işləyə bilmədim. Ağır işə gedə bilmirəm, kiməsə kömək gedirəm, 5-10 manat verir. Ağrı getdikcə çoxaldığı üçün çox işə gedə bilmirəm. Azərbaycan xalqından kömək istəyirəm”.

Məhəmməd bacı - qardaşının da maddi vəziyyətlərinin yaxşı olmadığını deyir. Təsərrüfat üçün torpaq sahəsi də azdır Məhəmmədin. Övladlarından böyüyü -  12 yaşlı Vüsal  məktəbə gedir. Qohum əqrəbanın gücü hərdən uşaqlara geyilmiş paltar verməyə çatır. Uşaqlardan birinin 7, digərinin 4, sonuncusunun isə 2 yaşı var. Məhəmməd deyir, yüngül işi də yoxdur ki, qazanıb gətirib dolandırsın uşaqları: “Qışın günüdür, iş yoxdur. Hamısı ağlayır, axşam olanda 4-də mədəsini qucaqlayır. Özümün də mədəm ağrayır”.

Yaşadıqları evin vəziyyəti çox acınacaqlıdır. Zirzəmidəki siçovulların döşəməsi deşik-deşik olan otağa girib uşaqlara xəsarət yetirdiyi hallarda az olmayıb. Divarlar isə çat-çatdır bu evdə. Evi bir təhər topladıqları odun qırıqları ilə qızdırmağa çalışırlar.

Məhəmmədin ruhi xəstəlikdən əziyyət çəkən bacıları 2-ci qrup əlildirlər. Onların hər biri 55 manat təqaüd alır. Ailədən bildirirlər ki, qızların təqaüdləri onların dərmanlarına xərclənir. Məhəmməd deyir ki, əvvəllər ailəsi 160 manat sosial yardım alırdı, bu da müəyyən qədər onların yaşayışına dəstək olurdu. Lakin 5 ay əvvəl yardımın kəsilməsi ailəni daha da çətin vəziyyətə salıb. Məhəmmədin həyat yoldaşı Xəyalə Əjdərova da uşaqlarına görə narahatdır: “Neçə dəfə icra hakimiyyətinə getmişik, Qənirə xanıma yazmışam, o da yazıb ki, bu ailəyə kömək olunsun, elə də qalır, eləcə get-gələ salırlar. Allah haqqı dolana bilmirik. Üç əsgər böyüdürəm, bilmirəm necə edim”.

Uşaqlardan biri, Vüsal məktəbə gedir. Ana fəryad edir ki, uşağının məktəbə geyinməyə nə isti ayaqqabısı, nə də gödəkcəsi var. Oğlana məktəbdə lağ etmələrindən ana göz yaşları içində danışır: “Heç kim də kömək eləmir. Televizoru da bir qohumum verib ki, uşaqlar cizgi filminə baxsınlar, başları qarışsın, yemək istəməsinlər. Hər kəsdən kömək istəyirəm”.

Vüsalın da həmyaşıdları kimi arzuları var gələcəyi ilə bağlı. Bu yaşında onun simasında yaşantılarından dolayı təbəssüm yoxdur. O da yoxluğun nə olduğunu başa düşür artıq. Məktəbə geyinməyə fəsilə uyğun geyimi belə yoxdur bu balanın. İncidir bütün bunlar Vüsalı. Azyaşlı Vüsal deyir ki, o, oxumağa həvəslidir. Böyüyəndə polis olmaq istəyir. Arzularına çatması üçün bu gün bu balaya dəstək olmaq lazımdır.

Ailənin durumu ilə bağlı Girzan kəndinin daxil olduğu Hunanlar inzibati dairəsi üzrə nümayəndə Sakit Məmmədovla görüşdük. Bildirdi ki, Əjdərovlar ailəsinin maddi vəziyyətinin ağır olması barədə məlumatları var. Deyir bacardıqları qədər həmin ailəyə kömək edirlər. O ki qaldı sosial müavinətlərin kəsilməsinə, Sakit Məmmədov bunun əvəzində ailəyə iribuynuzlu heyvan veriləcəyini bildirir. Həmsöhbətimiz Məhəmməd Əjdərovun da adının heyvan almaq istəyənlər siyahısında olduğu deyir.

Hələlik isə ortada olan vəziyyət bizim sizə göstərdiklərimizdən ibarətdir, hörmətli tamaşaçılar. Sizin bu verilişi izlədiyiniz anlarda da Məhəmməd və həyat yoldaşı Xəyalə günü nə ilə başa vuracaqları, sabah uşaqlara bir qarın yemək və isti geyim haqda daha hansı nağılları uyduracaqlarını və nələr vəd edəcəklərini düşünürlər. Gəlin hamılıqla Əjdərovlar ailəsini nəhayət ki, bu daimi düşüncələrdən xilas edək. Qoy bu ailədə də valideynlər yalnız bu günü düşünmək dərdindən xilas olub övladlarının xoş gələcəyi, övladlar isə sadəcə sabahın dərsləri barədə düşünsünlər...      

İzlədiyiniz bu ailəyə yardım etmək üçün əlaqə nömrəsi: 051 383 62 16 –Əjdərov Məhəmməd

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT