Oynaq-əzələ ağrıları nəyin əlamətidir?
18:22 – 26 Yanvar, 2018

Oynaq-əzələ ağrıları nəyin əlamətidir?  Bu ağrılar nə zaman revmatoloji problemlərlə bağlı ola bilər? Soyuq havalarda əzələ-oynaq ağrılarının artması nə ilə bağlıdır? Bu problemlərin müalicəsi necə aparılmalıdır? Fizioterpiya, masaj, idman hərəkətləri oynaq-əzələ ağrılarında nə dərəcədə faydalıdır? Revmatizm hansı fəsadlara səbəb ola bilər? APA TV-nin "Öncə sağlıq" layihəsinin növbəti buraxılışında bu suallara aydınlıq gətirilib.

 

Həkim-terapevt, Mərkəzi Klinik Xəstəxananın əməkdaşı Sevinc Ələsgərova deyib ki,  əzələ-oynaq xəstəlikləri sırasında əhali arasında ən geniş yayılanı osteoartritlərdir. Onun sözlərinə görə, bu problemlərə daha çox yaşlı insanlarda rast gəlinir.  S.Ələsgərova bildirib ki, oynaq-əzələ xəstəliklərini yaradan səbəblərdən biri D vitamini çatışmazlığıdır.

 

Həkim-terapevt əhali arasında daha çox “revmatik qızdırma” adlandırılan xəstəlikdən danışaraq bu problemin daha çox streptokok infeksiyasının ağırlaşması nəticəsində özünü büruzə verdiyini deyib. Mütəxəssis bildirib ki, tonzillit vaxtında və düzgün müalicə olunmursa, həmin streptokoklar bədəndə qalaraq, oynaqlara, ürək klapanlarına depozitə edir və revmatik fibr xəstəliyi törədir.

 

Sevinc Ələsgərova deyib ki, revmatoid-artrit sırf oynaq xəstəliyi kimi başlayır. Xəstəlik vaxtında müalicə olunmazsa, bu, deformasiyaya gətirib çıxarır. Həkim revmatoid-artrit xəstəliyində irsi faktorun da mühüm rol oynadığını qeyd edib.

 

Həkim-terapevtin sözlərinə görə oynaq ağrılarından ən çox əziyyət çəkən qadınlardır: "Sırf oynaq ağrıları, fibromialgiyalar daha çox orta yaşlı qadınlarda rast gəlinən xəstəliklərdir. Fibromialgiyalar daha çox yuxarı və aşağı ətrafların yuxarı hissəsində qeydə alınır".  

 

Revmatiod artritdə mütəmadi dərman müalicəsinin vacib olduğunu deyən Sevinc Ələsgərova əvvəlki müalicə üsullarından fərqli olaraq hazırda steroid preparatların  yalnız 3 ay müddətində tətbiq edildiyini qeyd edib: "Çünki steroid preparatı müəyyən fayda ilə yanaşı, orqanizmə xeyli ziyanlar da vurur". 

 

Əhali arasında geniş yayılan padaqra xəstəliyi haqda danışan Sevinc Ələsgərova problemə daha çox kişilərdə rast gəlindiyini deyib. Mütəxəssis qeyd edib ki, bəzən padaqra xəstələri həkimə də getmədən müvafiq dərmanlar qəbul edirlər, bu isə xəstəliyin kəskin vəziyyətini daha da kəskinləşdirir.

 

Onun sözlərinə görə padaqra müalicəyə tabe olan xəstəlikdir: "Padaqra xəstəliyində ət məhsulları, paxlalı bitkilər, pivə qəbul edilməməlidir. Pəhrizə düzgün əməl olunanda, düzgün müalicə aparıldıqda padaqra insanı uzun illər narahat etməyə bilər". 

 

Artıq çəkinin oynaqlara mənfi təsir etdiyini vurğulayan mütəxəssis oynaqlarda yaranan problemlərin vaxtında aşkarlanıb, müalicə edilməsinin vacib olduğunu deyib: “Əks halda əmələ gəlmiş deformasiyanı aradan qaldırmaq mümkün olmur”.

 

"Öncə sağlıq" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT