Goranboyda 14 km-lik avtomobil yolu yenidən qurulur
13:33 – 12 Fevral, 2018

Goranboy rayonunda ümumi uzunluqları 34 km olan və 26.5 min əhalinin yaşadığı 20 yaşayış məntəqəsini əhatə edən 2 avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub.

 

APA TV-nin xəbərinə görə, bu yollardan biri Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yoludur. Uzunluğu 14 km olan yol IV texniki dərəcəyə uyğun bərpa edilir.

 

Uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən yolun əsaslı şəkildə bərpasına ehtiyac var idi. Bu üzdən yolun yenidən tikintisi 5 yaşayış məntəqəsinin 12 minə yaxın əhalisinin ürəyincə olub.

 

Hazırda layihəyə uyğun 10 metr enində yeni yol yatağının tikintisi aparılır ki, bunun üçün kənardan xüsusi çınqıl material daşınır, yolun altından əkin sahələrinin suvarılması və əhalinin istifadəsi üçün suların ötürülməsi məqsədilə 10 yerdə müxtəlif diametrli suötürücü boruların tikintisi işləri də müvəffəqiyyətlə icra olunur.

 

Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti ilə texnoloji ardıcıllıqla həyata keçirilən işlərin davamı olaraq qum-çınqıl qarışığından ibarət yol əsasının tikintisi ardınca isə 2 laydan ibarət asfalt-beton örtüyünün salınması işləri aparılacaq.

 

Sözügedən yolun yenidən qurulması yol boyu yaşayan vətəndaşlarımızın Goranboy rayonunun Dəliməmmədli şəhərinə rahat gediş-gəlişi təmin olunsun, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə respublikanın istənilən istiqamətinə hərəkət etmək mümkün olsun.

 

Goranboy rayonunun Hazırəhmədli, Göynüyən və Qarasuçu kəndlərində yaşayan 3 mindən artıq əhali də sevinc içərisindədir. Çünki bu kəndlərə gedən və 3.5 km uzunluğa malik olan avtomobil yolu da uzun müddətdən sonra təmir olunur.

 

Təmir işləri zamanı köhnə yol əsası qazılaraq çıxarılır və qum-çınqıl qarışığından ibarət yeni yol əsası salınır. Yol əsası hazır olan hissələrə isə yüksək keyfiyyətli asfalt-beton örtük döşənir.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında mövcud olan tikinti norma və qaydalarına uyğun yüksək keyfiyyətlə aparılan yenidənqurma işlərinin tərtib olunmuş qrafikə uyğun yekunlaşdırılması üçün tikinti ərazilərinə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

X

XƏBƏRLƏR
BÖYÜT