Gənclər və idmançılar İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir
14:46 – 12 Fevral, 2018

Bu gün aprelin 11-nə təyin olunmuş prezident seçkilərində gənclərin və idmançıların namizədinin dəstəklənməsinə həsr olunmuş respublika toplantısı keçirilib.

 

APA TV-nin məlumatına görə, tədbirin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.

 

Toplantının moderatoru, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov çıxış edərək, ölkədə gənclərə və idmançılara göstərilən diqqət və qayğıdan söz açıb. O qeyd edib ki, prezident seçkilərində Azərbaycan gənclərinin namizədi, həmişə olduğu kimi, prezident İlham Əliyevdir.

 

Yunan-Roma güləşçisi, Rio Olimpiadasının bürünc mükafatçısı Rəsul Çunayev qeyd edib ki, onun uğurları prezident İlham Əliyevin idmançılara göstərdiyi diqqətin nəticəsidir: “Qazandığım uğurların tək səbəbi var və bu da cənab prezident İlham Əliyevin gənclərə və idmançılara olan diqqət və qayğısının nəticəsidir. Mənim kimi minlərlə gənc var ki, böyük uğurlar əldə edirlər, Azərbaycanın himnini beynəlxalq arenalarda səsləndirirlər. Bu uğurların davamlı olması üçün hamımız İlham Əliyevə səs verəcəyik”.

 

İdmançılar adından prezident İlham Əliyevə təşəkkürünü bildirən Tanınmış futbolçu Mahir Mədətov gəncləri və idmançıları Azərbaycanın hərtərəfli inkişafı naminə İlham Əliyevə səs verməyə çağırıb.

 

Sonra Azərbaycanın hər iqtisadi regionundan bir gəncə söz verilib. Gənclər regionların inkişafından, sahibkarlığa göstərilən dəstəkdən və yaradılan şəraitdən danışıblar. Tədbirdə Azərbaycanda gənclərlə bağlı həyata keçirilən xüsusi dövlət proqramlarından da söz açılıb.

 

"İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov konfransa 3000 Azərbaycan gəncinin qatıldığını deyib: "Azərbaycanın ən aktiv gəncləri, ən aktiv təşkilatları, ən tanınmış idmançıları prezident İlham Əliyevin ətrafında sıx birləşib və 11 apreldə ölkəmizdə keçiriləcək prezident seçkilərində onun namizədliyini birmənalı sürətdə dəstəkləyəcək".

 

Çıxış edən bütün iştirakçılar region gənclərinin prezident seçkilərində fəal iştirak edəcəklərini və İlham Əliyevə səs verəcəklərini bildiriblər.

X

XƏBƏRLƏR
BÖYÜT