Elman Rüstəmov əhalini kriptovalyutalarla bağlı ehtiyatlı olmağa çağırdı
15:57 – 12 Fevral, 2018

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu gün uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul edib.

 

APA TV-nin xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

 

Onun sözlərinə görə, bu dəyişiklik monetar siyasətin yumşaldılması deməkdir: "Bütövlükdə inflyasiya tempindən asılı olaraq dayanıqlılığın səviyyəsini, il ərzində formalaşan inflyasiya səviyyəsini  tapmaq fikrindəyik. Bunu qeyd etmək istəyirəm ki, xarici şoklar və risklər baş verməzsə, inflyasiya 6,8%-dən aşağı səviyyədə olacaq. Bunu reallaşdırmaq üçün əlimizdən gələni edəcəyik".

 

Elman Rüstəmov bildirib ki, ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları artacaq. Onun sözlərinə görə, yanvar ayından valyuta ehtiyatları 1,8 milyard dollar artıb. Tədiyyə balansının yaxşılaşması ilə ölkənin valyuta daxilolmalarının artması valyuta bazarında vəziyyəti sabitləşdirib. Bu şəraitdə həyata keçirilən makroiqtisadi siyasət tədbirləri nəticəsində manatın ABŞ dollarına qarşı məzənnəsi 4% möhkəmlənib. 2017-ci ildə pul siyasətinin əsas əməliyyat hədəfi olan manatla pul bazası 8,7% artıb: "Azərbaycan Mərkəzi Bankı yeni fiskal və monetar qaydalara keçəcək. Belə olan şəraitdə AMB yaranmış status-kvonu saxlamağa çalışacaq. Bizim bazara əhəmiyyətli dərəcədə müdaxiləmiz yoxdur. Biz valyuta hərraclarında nə valyuta alırıq, nə də valyuta satırıq. Əsas məsələ hazırda banklara verdiyimiz svopların qaytarılmasıdır. Bununla da məzənnənin iqtisadi risklərə təsirinin aradan qaldırılmasını təmin edəcəyik".

 

Elman Rüstəmov kriptovalyutalarla bağlı Azərbaycan əhalisinə müraciət edib. O, əhalini diqqətli olmağa çağırıb: "Son hadisələr kriptovalyutaların olduqca volatilliyi olan alət olduğunu göstərib. Düşünürəm ki, bu volatillik davam edəcək. Azərbaycan əhalisini diqqətli olmağa çağırıram. Bu, çox riskli əməliyyatdır. Çünki burada nə tənzimləmə rejimi var, nə də buna cavabdeh olan hər hansı bir təşkilat. Bu məsələ ilə bağlı olduqca diqqətli olmaq lazımdır".

 

Mərkəzi Bankın rəhbəri əlavə edib ki, ötən il pul kütləsində ən çox artım dəmir pullarda olub. "Görürük ki, iqtisadiyyatın dəmir pullara ehtiyacı böyükdür. Buna görə, əlavə sifarişlər də edərək iqtisadiyyatı dəmir pullarla təmin edirik. İqtisadiyyat əgər bunu tələb edirsə, biz bunu etməliyik", - deyə E.Rüstəmov vurğulayıb.

X

XƏBƏRLƏR
BÖYÜT