Səyyar “ASAN QATAR” bir ay Şirvanda olacaq
16:51 – 12 Fevral, 2018

Şirvan şəhər dəmir yolu vağzalında dayanan Səyyar “ASAN QATAR” bu il fevralın 1-dən   vətəndaşlara xidmət göstərməyə başlayıb.

 

"ASAN Xidmət"in səyyar xidmətlərin təşkili şöbəsinin baş məsləhətçisi Fəda Abbasov bildirib ki, Səyyar “ASAN Qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı və əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, eyni zamanda funksional yardımçı xidmətlər üzrə tibbi xidmət, foto xidməti və bank xidmətləri (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu) də göstərilir.

 

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

 

Səyyar “ASAN Qatar”ın növbəti ünvanı Salyan rayonu olacaq. Qatar 5-19 mart tarixlərində Salyanda vətəndaşlara xidmət göstərəcək.

X

XƏBƏRLƏR
BÖYÜT