UNİCEF uşaqların reabilitasiyası sahəsində çalışan həkimlərə təlim keçib
18:19 – 12 Fevral, 2018

 “Sağlamlıq imkanları məhdud uşaqlara göstərilən sosial inklüziya xidmətlərinin əsas prinsipləri və metodları” mövzusunda təşkil olunan təlimlərin iştirakçılarına sertifikatlar təqdim olunub.

 

APA TV-nin xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin Uşaq Fondunun əməkdaşlığı çərçivəsində baş tutan tədbirdə ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların tibbi-sosial reabilitasiyası, habelə reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı sahəsində aparılan işlər diqqətə çatdırılıb.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov nazirlik və UNİCEF arasında 2016-2020-ci illərə dair Əməkdaşlıq Proqramı çərçivəsində imzalanmış “2016-2017-ci illər üçün Uşaq Müdafiəsi və Sosial Müdafiəyə dair Dövri Fəaliyyət Planı”nın bu sahədə mühüm addımların atılmasına dəstək verdiyini bildirib: "Bizim nazirliyin tərkibində bir çox reabilitasiya mərkəzləri fəaliyyət göstərir. İldən-ilə onların iş keyfiyyətləri artırılır. Təbii ki, orada işləyən insanlar da yen tələblərə uyğun olaraq yeni metodları mənimsəməlidirlər. Yeni iş istiqamətlərini bilməli, əlillərə yeni yanaşmaları mənimsəməlidirlər. Bu işi həyata keçirmək üçün, bizim nazirliyin UNİCEF-in Azərbaycandakı nümayəndəliyi ilə birgə müvafiq iş proqramına uyğun olaraq Bakı Uşaq Bərpa Mərkəzinin və Əlilərin Sağlamlıq Mərkəzinin mütəxəssislərinin, həkimlərinin təlimləri keçirilib".

 

Təlimlər “Sağlamlıq imkanları məhdudluğa yanaşmada müəssisələşmə ilə bağlı dünya praktikasında mövcud olan yanaşmalar”, “Tipik və sağlamlıq imkanları məhdud uşaqların inkişaf normativləri və xüsusiyyətləri, onların inkişafında problemlərin aşkar olunması, inkişaf səviyyəsinin qiymətləndirilməsi. Maslov nəzəriyyəsi”, “Oyun terapiyası”, “Ünsiyyətin inkişafı və çətinlikləri, növləri. Alternativ və auqmentativ ünsiyyət”,  “Autizm - mövcud nəzəriyyələr, diaqnostika və reabilitasiya üsulları” və digər modulları əhatə edib. Təlimlər uşaqların reabilitasiyası sahəsində çalışan əməkdaşların bilik və bacarıqlarının artırılmasına xidmət edib.

 

Tədbirdə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri Vüqar Salmanov sağlamlıq imkanları məhdud uşaqlara göstərilən sosial inklüziya xidmətlərinin əsas prinsipləri və metodlarının öyrənilməsinin müvafiq fəaliyyət sahəsində səmərəli nəticələrə nail olunması üçün əhəmiyyətli olduğunu qeyd edib.

 

Sonra təlimlərdə iştirak etmiş əməkdaşlara sertifikatlar təqdim edilib.

X

XƏBƏRLƏR
BÖYÜT