Taleyi yağışdan asılı olan Bayıl yamacı - REPORTAJ
18:35 – 12 Fevral, 2018

Bayıl yamacındakı sürüşmənin yenidən aktivləşməsi nəticəsində Teleqüllə yaxınlığında 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb.

 

APA TV-nin məlumatına görə, sürüşmə ərazisi 6,9 hektar ərazini əhatə edir. Təhlükəli ərazinin konturları daxilində olan evlərin sayı 106-dır. 90-a yaxın evin sakinləri isə köçürülüb.

 

İki gün öncə yağışın yağması ilə onlardan bir neçəsinin evlərinə qayıtmaq ümidi bir dəfəlik sönüb. Xəsarət alan olmasa da, 4 ev yerlə yeksan olub.

 

Sakinlərin vaxtında köçürülməsi insan faciəsinin qarşısını alıb. Fərid Hüseynli ailəsi ilə bərabər 15 gün öncə evi tərk edib. Lakin əşyaları çıxara bilməyib: “1997-ci ildən burada məskunlaşmışıq. Yanvarın əvvəlində kiçik çatlar əmələ gəldi. Daha sonra icra başçısı şəxsən gəldi, xahiş elədi ki, evləri tərk edək. Ondan sonra hər ötən gün çat böyüdü. Sonra da bizə dedi ki, qətiyyən evə girmək olmaz. 6-cı gün 15.30 radələrində evlər bir-bir dağılmağa başladı. Gördüyünüz kimi, mənim evimin arxası da gedib. Bizə dedilər ki, ola bilər, sürüşmə dayansın və biz evimizə qayıdaq. Amma dedilər ki, kim istəsə, çıxara bilər. Evə girməyə isə qətiyyən icazə vermədilər. Yağış kəsən kimi bahalı əşyaları çıxarmağa icazə verdilər. Sağ olsunlar, yük maşını ilə də təmin etdilər. Hələ ki, qohum evində qalırıq”.

 

Aidə Ələkbərova isə bu ərazidə 1995-ci ildən məskunlaşıb. Hadisə baş verən zaman da evində olub. Ona məxsus 3 otaqlı ev yararsız hala düşüb: “Ayın 10-u saat 2-yə işləyəndə evdə idim. Gurultu eşitdim. 2 polis gəldi ki, “tez elə, ev gedir. İki gündür mənim evimə baxan yoxdur. Yeni təmir etdirmişəm. Gəlinimin də cehizinin yarısı qaldı torpağın altında”.

 

Sürüşmədən ən çox əziyyət çəkən yəqin ki, Yazdagül Hüseynovadır. O, evindən bir çöp belə çıxara bilməyib: “Ayın 24-ü çıxmışıq evdən. Heç çıxmaq istəmirdik. Amma yaxşı ki, tez çıxdıq. Allah saxladı bizi. Çıxmasaydıq, altında qalacaqdıq. Evi görəndən sonra yoldaşım xəstələndi”.

 

Sakinlərdən bəziləri qohum evinə sığınıb, bəziləri isə kirayədə qalır. Ev tapmaqda çətinlik çəkənlər üçün müvəqqəti olaraq 163 nömrəli tam orta məktəbdə sığınacaq yaradılıb. Təəssüf ki, bir neçə dəfə cəhd etsək də, məktəb ərazisinə daxil ola bilmədik.

 

Fövqəladə hal nəticəsində zərər çəkən yüzlərlə sakinə, onlar ev probleminin qısa zamanda həll olunacağına ümid edirlər. Elə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da bunu deyir. O, APA-ya açıqlamasında bildirib ki, 19-cu əsrdə Bayılın bu hissəsində ümumiyyətlə yaşayış olmayıb: "Lakin həmin dövrdə də bu ərazidə sürüşmə prosesləri baş verib. Aparılan araşdırmalar nəticəsində Bayıl yamacındakı tikililərin təqribən 20-25%-in ötən əsrin 60-70-ci illərində, qalanlarının da 1990-2000-ci illərdə qeyri-qanuni 1 gecəyə tikildiyi müəyyən edilib. Sakinlər bu evləri qanunsuz olaraq tikib. Lakin bütün bunlara baxmayaraq, bu gün dövlətimiz ayrı-seçkilik etmədən orada yaşayan insanların hər birinin qayğısına qalır".

 

X

XƏBƏRLƏR
BÖYÜT