OPEK-in Putin etimadı, ABŞ-da hasilat rekordu - NEFT BAZARINDA ÇAXNAŞMA
12:50 – 13 Fevral, 2018

Birjalarda neft ucuzlaşıb.

 

APA TV-nin məlumatına görə, səhər saatlarında "Brent" markalı neftin 1 bareli 62,99 dollardan satılıb. WTI markalı "qara qızıl" da cüzi dəyər itirib. Sözügedən marka brokerlərə 59,60 dollara təklif edilib.

 

Bununla belə, analitiklər qiymətlərin məhz bu göstəricilər ətrafında tərəddüd edəcəyi, qiymət artımının da bu civarda məhdudlaşacağı qənaətindədir. Səbəb ABŞ Enerji İnformasiya İdarəsinin ölkədə slans hasilatının sutkada 6,65 milyon barelədək artacağı ilə bağlı proqnozlarıdır.

 

Bundan əlavə, OPEK fevralın 12-də dünyada neftə olan illik tələbat proqnozunu sutkada 60 min barelədək artırıb. Qurumun qənaətincə, cari ilə sözü gedən göstərici sutka ərzində 98,6 milyon barel təşkil edəcək.

 

Yeri gəlmişkən, ABŞ-da neft hasilatı özünün rekord səviyyəsini qorumaqda davam edir.

 

Analitiklər də bazardakı çaxnaşmanı məhz ABŞ-ın hasilatı məhdudlaşdırmaması və "qara qızıl" ehtiyatlarının artan dinamika üzrə inkişaf etməsi ilə əlaqələndirir. Onlar qarşıdakı günlər üçün "Brent" neftinin 1 barelinin 60,85 dollara satılacağı versiyasını  da irəli sürür, bu cür fiaskonun qarşısının alınması üçün ilk növbədə OPEK+ ölkələrinin üzərinə götürdüyü öhdəliklərə ciddi yanaşmalı və hasilatın azaldılması üçün tədbirlər görməli olduğunu bildirirlər. 

 

OPEK-in baş katibi Məhəmməd Barkindo isə Rusiyanın hasilatın azaldılması öhdəliklərinə əməl edəcəyi ilə bağlı şəxsən prezident Vladimir Putinin təminat verdiyini açıqlayıb və bu təminata güvəndiklərini bildirib.





 

 

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT