Qarabağsız Azərbaycan suveniri - ARAŞDIRMA
15:31 – 13 Fevral, 2018

Gördüyünüz bu suvenir adi suvenir deyil. Digərlərindən fərqi isə üzərindəki xəritədədir. Suvenirin üzərindəki Azərbaycan xəritəsindən işğal olunmuş ərazilərimiz çıxarılıb. Bu qablar elə bu şəkildə də paytaxtın suvenir mağazalarında satışa çıxarılıb.

 

Geniş müzakirələrə səbəb olan məlum hadisə əhali arasında birmənalı qarşılanmayıb: "Bunu ancaq bizim düşmənlərimiz edə bilər. Bu bir cinayətdir. Müasir dövrdə özü də Dağlıq Qarabağ problemi olan bir dövrdə. Cəzalanmalıdır bu insanlar. Başqa ölkələrdə də hazırlanıb gətirə bilərlər bura. Vətəndaşlar bunun qarşısını almalıdırlar, deməlidirlər ki, niyə satırsan".

 

Məsələni araşdırmaq üçün bir neçə suvenir mağazalarına baş çəkdik. İlk  baş çəkdiyimiz məkanda həmin qaba rast gəlmədik. Buna baxmayaraq, Qarabağı əks etdirən digər suvenirlər də nəzərə çarpmırdı. İlk olaraq bunun səbəbini aydınlaşdırmağa çalışdıq: "Satış var. Amma bizdə çeşid azalır. Amma olanda olur. İndi bizdə azalıb. Azərbaycana aid olan bütün suvenirlər var".

 

Daha sonra satıcıdan satdıqları suvenirlərin üzərindəki rəsmlərə diqqət edib-etmədiklərini soruşduq: "Əlbəttə, olur. Çeşid seçəndə deyirik şəkilli olan suvenir ver, fərqli suvenir ver. Diqqət edirik. Bu tip suvenirlər olmasa da, mağazada başqaları var".

  

Eyni sualı digər mağazanın da satıcına da ünvanlayırıq: "Bəli, diqqət yetiririk. Özümüz də bilirik, elə şey olar?"

 

Tərlan Bağırov deyir ki, hazırda heç bir mağazada adı çəkilən suvenirə rast gəlmək mümkün deyil. O qeyd edir ki, bu malların əksəriyyəti Çində istehsal olunur, müəyyən vaxtlarda isə bu cür səhvlər edilir. Onlara gətirilən suvenirlər arasında da zaman-zaman bu cür qablara rast gəlinsə də, satışını həyata keçirmirlər: "Gördüyünüz bu mallar hamısı Azərbaycana aiddir. Bu mallar Çində istehsal olunur. Malı ki, sifariş edirsən, onlar səhvən bunu edirlər. Səhv olduğunu gördükdə biz onu heç vaxt satışa çıxarmırıq. Elə mal olmayıb, bazarda olsa da, yığışdırılıb, yoxdur. İkinci dəfə olsa, biz onu heç vaxt sifariş eləmərik axı, ona görə məcburdurlar ki, onlar da öz qazancını itirməmək üçün o addımı bir atmasınlar".

 

Bunu bilərəkdən, yaxud bilməyərəkdən edildiyinin heç bir fərqi yoxdur. Qarabağ bizim yaralı yerimizdir, yaramızı qanatmağa çalışanlar isə cəzasız qalmamalıdır.

X

XƏBƏRLƏR
BÖYÜT