Milli Məclisdə Oqtay Əsədovla Arif Rəhimzadə arasında mübahisə oldu
17:02 – 13 Fevral, 2018

2017-ci ildə Ədliyyə Nazirliyinin yanında Bələdiyyələrlə iş mərkəzinə 65 minə yaxın bələdiyyə aktı daxil olub. Hər bir bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, 1 979 aktın dəyişdirilməsi və ləğv edilməsi üçün bələdiyyələrə təkliflər verilib. Qanunvericiliyə uyğun olmadığı üçün 741 akt ləğv edilib, 714-ü isə dəyişdirilib.

 

APA TV-nin məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə iş mərkəzinin - bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olunub.

 

Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. Qeyd olunub ki, ötən il 2 636 hektar torpaq sahəsinin qanunsuz istifadəyə verilməsi faktları aşkar olunub. Həmin torpaq sahələrinin bələdiyyələrə qaytarılması istiqamətində iş aparılıb. Ötən il torpaq qanunvericiliyinin pozulması halları əvvəlki ilə nisbətən 3 dəfədən çox azalıb: "Bəzi bələdiyyələrin fəaliyyətində çox ciddi qanun pozuntuları da müəyyən olunub. 24 belə fakt olub, həmin faktlara hüquqi qiymət verilməsi üçün prokurorluğa və müvafiq hüquq-mühafizə orqanlarına göndərilib. Bu faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılıb və 15 fakt üzrə cinayət işi başlanılıb".

 

Deputat Elmira Axundova bələdiyyələrin fəaliyyətini tənqid edib: "Bəzi dövlət qurumları var ki, onlar deputatların da müraciətlərinə cavab vermirlər. Ona görə də bələdiyyələrin də müraciətləri cavabsız qalır. Bələdiyyələr isə ya İcra Hakimiyyətindən çəkinirlər, ya da tənbəldirlər".


Deputat Qüdrət Həsənquliyev bələdiyyələri bir sıra qanunsuz əməllərdə ittiham edib: “Bəzən sahibkar Bakı ətrafında mazutlu torpaq sahəsini icarəyə götürmək istəyir. Bütün sənədlər hazır olanda bələdiyyə sədri torpağın sonuncu auksion qiymətinə satılacağını deyir. Bələdiyyələr yerli icra hakimiyyətləri ilə birlikdə cinayət sövdələşməsinə gedib, sahibkarların marağına toxunurlar.”.

 

Deputat Fazil Mustafa isə qeyd edib ki, Azərbaycanda bələdiyyələrin ciddi bir səlahiyyəti yoxdur: "Onlar dövlət büdcəsindən ayrılan 5 milyon manat vəsaiti əmək haqlarına, sosial ödənişlərin ödənilməsinə yönəldir. Bələdiyyələrin yerli infrastruktur layihələrinin həyata keçirilməsində heç bir ciddi rolu yoxdur. Ona görə də bu nə Türkiyənin, nə də digər ölkələrin bələdiyyəsi ilə müqayisə oluna bilməz. Nə İstanbul, nə də Ankara ilə heç müqayisə oluna bilməz. İstanbul bələdiyyəsinin büdcəsi Azərbaycanın büdcəsi qədərdir".

 

Müzakirələr zamanı Milli Məclisin komitə sədri Arif Rəhimzadə deyib ki, ədliyyə nazirinin müavini Vilayət Zahirovun bələdiyyələrlə bağlı məruzəsindən sonra ona söz verilməli idi: “Çünki bu məruzə parlamentin Regional məsələlər komitəsinin toplantısında müzakirə olunub, bununla bağlı məlumat verməli idim. İstəmirsinizsə, heç danışmayım”.

 

Parlamentin sədri Oqtay Əsədov isə bildirib ki, A.Rəhimzadə komitə sədri kimi müzakirələrdə iştirak etmək istəyirdisə, bu barədə əvvəlcədən məlumat verməli idi: “Nə vaxt istəyirdinizsə, deyərdiniz, çıxış edərdiniz. "Pretenziya" etməyin”.

 

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

X

XƏBƏRLƏR
BÖYÜT