Cəfər Cabbarlının qızı dəfn olundu
18:41 – 13 Fevral, 2018

Görkəmli dramaturq Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə vida mərasimi keçirilib.

APA TV-nin xəbərinə görə, mərasimdə mərhumun ailə üzvləri, rəsmi qurumların nümayəndələri iştirak edib.

Cabir Novruzun oğlu Müşfiq Cabiroğlu Azərbaycan xalqına böyük itki üz verdiyini bildirib:

"İllərim ötüşür karvanlar təki

Gah səhər görürəm, gah da ki, axşam.

İnana bilmirəm gün gələcək ki,

Mən də bu dünyada olmayacağam.

İnana bilmirəm bu həqiqətə,

Ölüm dediyimiz əbədiyyətə.

Biz ölməz dramaturqumuz Cəfər Cabbarlının sonuncu yadigarı Gülarə Cabbarlı ilə vida mərasiminə toplaşmışıq. O, şərəfli, hamımıza nümunə olacaq ömür yaşayıb. Gülarə xanımın ruhu şad olsun!”

Yada düşən həm də xatirələrdir: “Gülarə xanımın həyat yoldaşı, bizim unudulmaz yazıçımız, satirik, “Kirpi” jurnalının baş redaktoru Seyfəddin Dağlının atamla sıx dostluq münasibətləri olub. Gülarə xanım mənin anam Səfurə xanımla rəfiqə olub. Seyfəddin Dağlı mənim atamı poeziyaya gətirib. Gülarə xanım bizə analıq edib. Allah rəhmət eləsin!”

Qızı Qəmər Seyfəddinqızı bildirib ki, Gülarə xanım son bir neçə gündə özünü pis hiss edirmiş: “Gülarə xanım uzun illər Azərbaycan mədəniyyətinə xidmət edib. Fevralın 11-i doğum günü idi. Yığıncaq elədik. Bir həftə idi ki, narahat idi. Keçən il də bir neçə dəfə xəstəxanaya düşmüşdü. İndi də ürəyi dözmədi... Doğum günündən bir gün sonra vəfat etdi”.

Gülarə Cabbarlı son nəfəsində xalqı üçün əmin-amanlıq arzulayıb: “Azərbaycan xalqı salamat olsun! Bu, onun son sözləridir”.

Gülarə Cabbarlı dəfn olunmaq üçün Yasamal qəbiristanlığına yola salınıb.

Gülarə Cabbarlı ailə üzvlərinin yanında dəfn olunub.

Qeyd edək ki, Gülarə Cabbarlı 1930-cu ildə anadan olub. 1953-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi işləyib, 1979-cu ildə C.Cabbarlının ev-muzeyinə direktor təyin olunub. Fevralın 11-də Gülarə Cabbarlının 88 yaşı tamam olub. O, ötən gecə saat 23.30 radələrində dünyasını dəyişib.

Allah rəhmət eləsin!

X

XƏBƏRLƏR
BÖYÜT