Astarada yol polisinin keçirdiyi reydlər zamanı 50-dək qanunsuz fakt aşkarlanıb
08:28 – 14 Fevral, 2018

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində növbəti dəfə reyd keçirib. APA TV-nin cənub bürosunun məlumatına görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi sürücülər yenə də avtomobillərində dəyişikliklərə yol verib.

Reydin keçirilməsində məqsəd də bu kimi halların qarşısını almaq, istismar müddəti bitmiş və eləcə də texniki cəhətdən nasaz idarə olunan nəqliyyat vasitələrini aşkar etmək olub. Axşam saatlarında keçirilən reyd rayonun dağətəyi kəndləri olan Siyəkü və Vaqo kənd yollarında, eyni zamanda Ələt-Astara avtomobil yolunun 219-cu km-də baş tutub. Bir neçə saat davam edən yoxlamalar zamanı 50-dək sürücü saxlanılıb.

DYP əməkdaşının "saxla!" əmrinə tabe olmayaraq məsuliyyətdən yayınmaq istəyən sürücülər də oldu. Reyd zamanı ən maraqlı məqam isə sürücü Tural Ağayevin sərnişin mikroavtobusundan mal-qara daşınması üçün istifadə etməsi idi:

"Bu yoldan keçəndə saxlayıblar, saxlamışam. Mənim həyətimin malıdır, dayımgildən gətirirəm. Həyətdə iş maşınımdır, onunla işləyirəm".

Reyddə texniki cəhətdən nasaz və ya əlavə avadanlıqlar quraşdırılan avtomobillər, eləcə də sürücülük vəsiqəsi olmadan sükan arxasına əyləşən sürücülər də müəyyən olunaraq barələrində tədbir görülüb.

"İstismar müddəti bitmiş nəqliyyat vasitələri ilə, texniki cəhətdən nasaz vəziyyətdə idarə olunan nəqliyyat vasitələri ilə əlaqədar tərəfimizdən reydlər keçirildi. Reydlər zamanı 50-yə yaxın nəqliyyat vasitəsi saxlanıldı və əlavə avadanlıqlar quraşdırılan nəqliyyat vasitələrinin sürücüləri saxlanılaraq avtomobilləri cərimə meydançasına aparıldı", - deyə Astara Rayon Polis Şöbəsinin DYP Bölməsinin rəisi İlqar Rəhimzadə bildirib.

Yollarda sürücülərin və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə keçirilən bu kimi reydlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

X

XƏBƏRLƏR
BÖYÜT