Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri: "Azərbaycana sadəcə görüş üçün gəlmədik"
08:33 – 14 Fevral, 2018

Azərbaycan prezidenti İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA TV-nin məlumatına görə, prezident İlham Əliyev qonaqların Azərbaycana səfərinin çox məhsuldar və maraqlı olacağına əminliyini ifadə edib. Onu da qeyd edib ki, nümayəndə heyətinin səfərindən sonra yaxşı əməli nəticələr olacaq və daha da fəal iqtisadi əməkdaşlıq aparılacaq.

Dövlət başçısı bildirib ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir və qısa zaman ərzində daha da çox rəqabət qabiliyyətli olub. Davos İqtisadi Forumunun sonuncu qiymətləndirməsinə əsasən Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə 35-cı yerdə qərarlaşıb. Prezident qeyd edib ki, alman şirkətləri ilə əməkdaşlığımız da əsasən qeyri-enerji sektorunda aparılır və bunu hər iki tərəf üçün yaxşı bir hal kimi qiymətləndirib.

Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele isə bildirib ki, Azərbaycan Almaniya üçün çox maraqlı ölkədir və bu ölkədə çoxlu potensial görür.

"Bizim Sizin ölkənizə olan marağımızı göstərən bu böyük nümayəndə heyəti sadəcə Azərbaycana səfər etmək üçün yox, ölkənizdə daha da fəal olmaq, qeyri-neft sektorunda alman müəssisələri üçün imkanları müəyyənləşdirmək məqsədilə gəlib. Çünki biz hesab edirik ki, uzunmüddətli perspektivdə bir tərəfdən neft və qaz sektorunun inkişafı, digər tərəfdən isə qeyri-neft sektorunun inkişafı, əlbəttə, hər iki tərəf üçün faydalıdır", - cənab Büxele belə deyib.

Bundan sonra Almaniyanın tikinti sahəsində ixtisaslaşan “GP Günter Papenburg“ şirkətinin İdarə Heyətinin sədri Günter Papenburq və tunelqazma texnologiyaları sahəsində aparıcı şirkətlərindən olan “Herrenknecht” şirkətinin İdarə Heyətinin sədri Martin Herrenknext Azərbaycandakı fəaliyyətlərindən, qarşılıqlı əməkdaşlıq prinsiplərindən danışıb və ölkəmizin alman şirkətləri üçün təhlükəsiz, əlverişli bir yer olduğunu vurğulayıblar.

V.Büxele Azərbaycanla ticarət imkanlarının daha çox öyrənilməsinin vacibliyini qeyd edib. O, gələcəkdə Azərbaycan vasitəsilə digər ölkələrlə də iqtisadi əlaqələr qurmaq imkanlarının ola biləcəyini vurğulayıb.

Bundan sonra uzun müddət davam edəcək enerji layihələrinin ölkəmizə əlavə gəlir gətirəcəyini deyən dövlət başçısı Azərbaycanda makroiqtisadi vəziyyətin çox müsbət olduğunu bildirib, xarici valyuta ehtiyatlarının ümumi daxili məhsulun həcminə bərabər olduğunu, xarici borcumuzun çox aşağı səviyyədə - təxminən 20 faiz həcmində olduğunu bildirib. İnflyasiyanın bu ilin ilk ayında 5,5 faiz təşkil etdiyini deyən prezident İlham Əliyev əhalinin gəlirlərinin isə 11 faizdən çox artdığını bildirib.

İnfrastruktur və kənd təsərrüfatı sahələrinə qoyulan investisiyaların artıq öz nəticələrini verdiyini deyən dövlət başçısı bu baxımdan bilik, texnologiya, yaxşı idarəetməyə və insan kapitalına əsaslanan çox güclü iqtisadiyyat yaratmaq məqsədilə islahatların bundan sonra da davam etdiriləcəyini bildirib.

X

XƏBƏRLƏR
BÖYÜT