15 min manatdan çox saxta pulu satmaq istədilər - BAKIDA ƏMƏLİYYAT
12:01 – 14 Fevral, 2018

Azərbaycanda saxta pul satmaq istəyənlər həbs edilib.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Məmmədovun tanışı Nicat Orucovla birlikdə saxta pul əsginaslarının hazırlanması və satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub.

 

Keçirilən xüsusi təxirəsalınmaz əməliyyat nəticəsində dəstə üzvləri 11700 saxta manatı 2900 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar. Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin qaldıqları mənzilə də baxış keçirilib. Oradan əlavə olaraq 4900 manatlıq saxta əsginas, saxta pul hazırlamaq üçün istifadə olunan avadanlıqlar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.

 

İlkin ifadələrində həmin şəxslər saxta əsginasları satmaq, həmçinin paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə istifadə etmək niyyəti ilə hazırladıqlarını etiraf ediblər.

 

Faktla bağlı cinayət işi başlanıb,  araşdırmalar davam etdirilir.

X

XƏBƏRLƏR
BÖYÜT