Hacıqabulda 2 qəsəbə və 3 kəndi əhatə edən yollar yenidən qurulur
15:17 – 14 Fevral, 2018

Hacıqabul rayonunda cari ildə magistral, kənd və qəsəbə yollarının yenidən qurulması və bərpası ilə bağlı 3 yol infrastrukturu layihəsinin reallaşdırılması nəzərdə tutulub.

 

APA TV-nin xəbərinə görə, layihələr 100 mindən çox əhalinin yaşadığı 27 yaşayış məntəqəsini əhatə etməklə 108.7 km uzunluğa malikdir.

 

Sözügedən layihələrdən artıq 2 qəsəbə və 3 kəndi əhatə edən ümumi uzunluğu 12.2 km olan yolların əsaslı şəkildə yenidən qurulması işlərinə start verilib. Bu M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 84-cü km-dən ayrılan və uzunluğu 2.1 km olan Atbulaq kəndinin, magistralın 87-ci km-dən ayrılan və uzunluğu 2.5 km olan Qızılburun kəndinin və magistralın 103-cü km-dən ayrılan ümumi uzunluqları 7.6 km olan Nəvahi və Pirsaat qəsəbələrinin, həmçinin Rəncbər kəndinin avtomobil yollarıdır.

 

Sözügedən yolların hər biri IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə və sürətlə aparılan bu işlər 5 yaşayış məntəqəsinin 11 min nəfər əhalisinin M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə respublikanın bütün istiqamətlərinə hərəkət etmələrini xeyli dərəcədə asanlaşdıracaq. Çünki yollar uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi. Bu isə öz növbəsində vətəndaşların hərəkətində müəyyən çətinliklərə səbəb olurdu.

 

Tikinti layihəsi uyğun olaraq hazırda yollar boyu torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa olunur. Bu işlərə paralel olaraq suların ötürülməsi üçün 18 yerdə müxtəlif diametrlərə malik dəmir-beton boruların tikintisi işləri də aparılır.

 

Torpaq yatağının tikintisindən sonra optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının və 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Qeyd olunan işlər ümumilikdə yolların 70 min kv. m-dən çox sahəsində aparılacaq. Bundan başqa layihə çərçivəsində Qızılburun və Rəncbər kəndlərinə gedən yolların üzərində yerləşən mövcud 12 metr uzunluğa malik körpülərin də əsaslı şəkildə təmiri nəzərdə tutulub.

 

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında tikinti norma və qaydalarına uyğun olaraq yüksək keyfiyyətlə və sürətlə aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

X

XƏBƏRLƏR
BÖYÜT