Milli QHT-lərin Ümumrespublika Konfransı keçirilib
15:24 – 14 Fevral, 2018

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatlarının (QHT) Ümumrespublika Konfransı keçirilib.

 

APA TV-nin məlumatına görə, Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, həyata keçirilən uğurlu layihələr, görülən işlər dövlət qayğısı sayəsində mümkün olub. O, aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycanda Partiyasından (YAP) namizədliyi irəli sürülən İlham Əliyevi dəstəkləyəcəklərini qeyd edib.

 

"Qərbyönümlü seçki təşkilatları təşviqat kampaniyasının müddətinin azaldılmasını tənqid edirlər. Lakin məlum olub ki, Avropanın bir sıra ölkələrində bu müddət daha azdır". Bunu İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı deyib. O əlavə edib ki, qarşıdakı dövrdə Qarabağ münaqişəsinin həlli ilə bağlı addımlar atıla bilər. Bu da prezident seçkilərinin vaxtının dəyişdirilməsinə təsir göstərən amillərdəndir.  

 

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət bildirib ki, prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan sürətlə inkişaf edir. Buna görə də o, rəhbərlik etdiyi təşkilatın İlham Əliyevi dəstəkləyəcəyini vurğulayıb.

 

Tədbirdə bəzi fondların rəhbərləri də çıxış edərək bildiriblər ki, nəzərdə tutulan işlər məhz dövlətin maliyyə yardımı nəticəsində həyata keçirilir. İlham Əliyevin dəstəyi ilə fondlar səmərəli fəaliyyət göstərir, müxtəlif layihələr, tədbirlər həyata keçirilir.

 

Çıxışlardan sonra QHT-lər adından prezident İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə müraciət qəbul edilib.

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT