Allahşükür Paşazadə: "Cümə xütbələrində dindarları İlham Əliyevə səs verməyə çağırın!"
16:07 – 14 Fevral, 2018

"Bu gün Yaxın Şərqdə, ümumiyyətlə, ətrafımızda baş verən hadisələrə baxanda ölkəmizdəki əmin-amanlığa şükür etməliyik. Bu əmin-amanlığın  arxasında prezident İlham Əliyev dayanıb". APA TV-nin xəbərinə görə, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri Allahşükür Paşazadə ölkədəki dini icmaların təmsilçiləri ilə keçirdiyi görüşdə bildirib.

 

QMİ sədri bu gün dinlə bağlı atılan addımlardan və dindarlara verilən imtiyazlardan razı olduqlarını vurğulayıb: "Din xadimlərinə maaşların verilməsi barəsində qərar da münasibətin bariz nümunəsidir".

 

Allahşükür Paşazadə bütün məscidlərdə cümə günü xütbələrdə İlham Əliyevin namizədliyinə səs verilməsinə çağırış etməklə bağlı axund və imamlara göstəriş verib: "Biz dindarlar öz növbəmizdə istərdik ki, bu təşəbbüsü qeyd edək və dəstəkləyək. Bu gün ona görə biz burdayıq ki, sizin adınızdan biz bir daha dindarları Azərbaycan xalqını bu seçkilərdə İlham Əliyev həzrətlərinin namizədliyini dəstəkləməyə çağıraq. Din xadimləri, sizdən xahiş edərdim ki, bu məclislə bu qurtarmamalıdır. Məscidlərdə cümə günlərində ibadət yerlərində, hətta məclislərdə siz haqq sözünü deməyi bacarmalısız. Deməlisiniz, sizin çəkinən yeriniz yoxdur. Mən bunu sizdən xahiş edirəm və açıqlayıram ki, buna nəzarət olacaq".

 

Daha sonra Azərbaycandakı dini konfessiya rəhbərləri prezident seçkiləri ilə əlaqədar müraciət qəbul ediblər. Müraciətdə deyilir: "Azərbaycan Respublikasında 11 aprel tarixli Prezident seçkiləri, heç şübhəsiz ki, xalqımızın həyatında mühüm siyasi hadisə olmaqla, hər bir dindar üçün də taleyüklü, önəmli məqamdır. Biz bütün Azərbaycan dindarlarını uca mənəviyyat yolunun davamına – Yeni Azərbaycan Partiyasının lideri İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırırıq".

 

Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Azərbaycandakı Roma Katolik Kilsəsinin yepiskopu Vladimir Fekete və Azərbaycandakı Alban-udi xristian icmasının sədri Robert Mobili imzalayıblar.

X

XƏBƏRLƏR
BÖYÜT