MSK İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlədi
18:39 – 14 Fevral, 2018

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması müzakirəyə çıxarılıb.

 

APA  TV-nin məlumatına görə, iclasda İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib.

 

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb. Seçki Məcəlləsinə əsasən sənədlərin komissiyaya təqdim edilməsindən sonra 5 gün müddətində MSK namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.

 

MSK sədri Məzahir Pənahov bildirib ki, prezident seçkilərində səsvermə günü - aprelin 11-də heç bir maneə olmadan proseslər veb-kameralarla izləniləcək: “Həmin gün Mərkəzi Seçki Komissiyasının saytına daxil olanların sayı çox olduğu üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi texniki dəstək verir. Seçki məntəqələrində veb-kameraların quraşdırılması məsələsi əsasdır. Yaxın vaxtlarda 1000 məntəqədə veb-kamera quraşdırılacaq. İndiyədək bu məsələdə problem olmayıb”.

 

MSK sədri qeyd edib ki, prezidentliyə namizədliyi irəli sürülənlərə bərabər şərait yaradılacaq: "Hansısa partiya, icra strukturunun nümayəndəsi, hər hansı vəzifəli şəxs seçki prosesində Seçki Məcəlləsinə və qanunvericiliyə zidd hallara yol verməməlidir. MSK bu kimi hallara qarşı sərt tədbirlər görəcək".

 

M.Pənahov onu da bildirib ki, MSK beynəlxalq qurumlarla qarşılıqlı əməkdaşlığa önəm verir, MSK-nın iclasları bu qurumların nümayəndələri üçün açıqdır: "Biz MSK-nın iclaslarında beynəlxalq qurumların nümayəndələrinə fikirlərini ifadə etməyə də şərait yarada bilərik".

X

XƏBƏRLƏR
BÖYÜT