VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Qəbələdə olub
19:30 – 14 Fevral, 2018

 “Sivilizasiyalararası dialoq: yeni çağırışlar” adlı VI Beynəlxalq Multikulturalizm Qış Məktəbi fevralın 14-də öz işini Qəbələdə davam etdirib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, prezident İlham Əliyevin tövsiyəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qış məktəbinin 16 ölkədən olan iştirakçıları əvvəlcə rayonun Nic qəsəbəsində olublar.

 

Nic qəsəbəsindəki “Cotari” Alban-Udi kilsəsinin konfrans zalına toplaşan yerli və əcnəbi gənclər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədlinin “Azərbaycanda dini müxtəliflik” mövzusunda mühazirəsini dinləyiblər.

 

Sonra Nic qəsəbəsində yerli əhali ilə görüşən əcnəbi tələbələr yaşayış məntəqəsi ilə tanış olublar. Gəzinti zamanı Nic qəsəbəsindəki “Cotari” Alban-Udi kilsəsinin və udi xalqının tarixi ilə bağlı məlumatlar tələbələrin diqqətinə çatdırılıb. Bildirilib ki, Nic qəsəbəsində “Orayın” Udi Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Qəsəbə ərazisində Alban kilsəsi və digər qədim tarixi abidələr var. İbtidai sinif şagirdləri üçün udi dili tədris olunur.

 

Sonra tələbələr qəsəbədəki “Cotari” Alban kilsəsini ziyarət ediblər. Məlumat verilib ki, dünyada yaşayan udilərin sayı 10 minə yaxındır. Altı mindən artıq əhalisi olan Nic qəsəbəsində 4 mindən artıq udi yaşayır. Qəsəbədə udilər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Dünyanın etnik xəritəsində udi adlı etnos bu gün təkcə Azərbaycan ərazisində mövcuddur. Alban-udi kilsəsi Qafqaz Albaniyasında xristianlığın ilk təbliğatçılarından (I-II əsrlər) olub. Kilsə İsa peyğəmbərin həvarilərindən (apostol) olmuş müqəddəs Yeliseyin şərəfinə tikilib.

 

Udi icmasının nümayəndələri tələbələrə Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən söhbət açıblar, həmişə dövlətin diqqət və qayğısını hiss etdiklərini qeyd ediblər.

 

X

XƏBƏRLƏR
BÖYÜT