Hansı 6 halda qeybət haram sayılmır,günah deyil?
18:13 – 15 Fevral, 2018

Ən böyük qeybət nədir?

Doğrunu danışmaq da qeybət sayılırmı?

Qeybətçini hansı dəhşətli cəza gözləyir?

Facebook”da nə qeybət, haramdı?

Çox qeybət edən Cənnətə düşməyəcək?

 

“ Qeybətin tərifini peyğəmbərimiz hədisi-şərifdə izah edir. Ondan qeybətin nə olduğunu soruşurlar. Allah rəsulu isə belə cavab verir: “ Qeybət insanın sevmədiyi sözü onun arxasınca danışmaqdır. Olanı danışmaq qeybət, olmayanı demək isə böhtandır”. “Qurani-Kərim” ayələrinə, həmçinin hədislərə əsasən bu əməl böyük günahlardan biridir və axirətdə ağır cəzası var”.

 

APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Yaşar Qurbanov “Yaşıl orta” verilişində deyib. O, bildirib ki, Allah qeybət etməyi ölmüş qardaşının ətini yeməyə bənzədir: “ “Qurani-Kərim”in “Hucurat” surəsinin 12-ci ayəsində belə buyrulur: “Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi  günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun”. Ayədən də göründüyü kimi qeybət etmək Rəbbin nəzərində çox çirkin əməllərdən biridir. Hətta belə bir bənzətmə ilə Allah bəndəsini günahdan çəkindirir. Qeybət qul haqqına da daxildir. Təəssüf ki, bu qədər ağır günah olmasına baxmayaraq, müsəlmanlar rahatlıqla bu əməli edir, onları gözləyən dəhşətli cəzanın fərqində deyillər”.

 

Y.Qurbanov qeybətin cəzası ilə bağlı da ətraflı məlumat verib: “Bu əməli edən insanı həm dünya, həm də axirətdə cəza gözləyir. Allah “Huməzə” surəsinin 5-9-cu ayələrində  qeybətin  cəzası olaraq Cəhənnəm odundan bəhs edir: “ Sən nə bilirsən ki, Hütəmə nədir?! O, Allahın yanar odudur. Elə bir od ki, ürəkləri yandırıb-yaxar. O, belələrinin (qeybətçilərin və tənə vuranların) üzünə qapanıb kilidlənəcəkdir. Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar”.  Eləcə də çox qeybət edənin  ruzisi azalar, öləndə cəsədindən pis qoxu gələr, məzarda da  əzab çəkər. Axirətdə isə haqqına girdiyi insanlarla tək-tək hesablaşar. Qeybətini etdiyi kəslər ona hallallıq verməsə, savabı əlindən çıxar, hətta qarşı tərəfin günahını da yüklənər. Qeybət savabın itməyinə səbəb olan günahlardandır. Odur ki, insan bu əməldən çəkinməli, dilini qeybətə alışdırmamalıdır”.

 

İlahiyyatçı qeybətin tövbəsindən də bəhs edib: “ Bu günahın da tövbəsi var. Müsəlman tutduğu əməldən səmimi qəlblə peşman olarsa, Allah da inşallah günahlarını bağışlayar. Qeybət qul haqqına aid olduğu üçün zərər verdiyi insanlardan halallıq alması şərtdir. Əgər şəxs dünyasını dəyişibsə, onun üçün dua edə, barəsində gözəl sözlər danışa bilər. Unutmayaq ki, dünyada ən böyük qeybət ölən insanın arxasınca danışmaqdır”.

X

XƏBƏRLƏR
BÖYÜT