Göz sağlamlığı necə qorunmalıdır?
17:04 – 28 Fevral, 2018

Əhali arasında ən çox rast gəlinən göz problemləri hansılardır? Göz müayinələri nə zaman və neçə müddətdən bir aparılmalıdır? Gözlərdə olan hansı əlamətlər xəstəlik göstəricisi sayılır?  Görmə qabiliyyətinin zəifləməsinə səbəb olan amillər hansılardır? APA TV-nin "Öncə sağlıq" layihəsinin növbəti buraxılışı göz sağlamlığının qorunması barədə olub.

 

Həkim-oftalmoloq, cərrah, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin əməkdaşı  Qəmər Əliyeva hesab edir ki, hər kəs vaxtaşırı göz müayinələrindən keçməlidir.

Onun sözlərinə görə, bir sıra göz problemləri hər hansı şikayət vermədən inkişaf edə bilir, ona görə də profilaktik olaraq həkimə müraciət olunması məqsədəuyğundur.

 

Bu mənada göz təzyiqinin yüksəlməsinin ən ciddi məqamlardan biri olduğunu deyən  mütəxəssis bildirib ki, göz təzyiqinin qalxması nəticəsində görmənin tamamilə, bərpa olunmaz şəkildə itirilməsi baş verir: “Xəstələrdə gözdə qaşınma, sulanma olanda diskomfort hissinə görə həkimə tez müraciət edirlər. Amma bizim ən çox qorxduğumuz problem qlaukoma xəstəliyi, göz təzyiqinin qalxması və görmənin tədricən itirilməsidir.   Bu isə hər hansı əlamətlə özünü büruzə vermir. Ona görə hər kəs, xüsusilə ailədə, nəsildə qlaukoma xəstəsi olan şəxslər mütəmadi olaraq göz təzyiqlərini yoxlatmalıdırlar". 

 

Q.Əliyevanın sözlərinə görə, göz təzyiqinin qalxmasına bütün yaş dövrlərində rast gəlmək mümkündür.

 

Həkim-oftalmoloq deyib ki, yeni doğulmuşlarda daha çox aşkarlanan problem yaş yollarının tıxanması ilə bağlı olur: "Daha yuxarı yaşlarda isə uşaqlarda görmə zəifliyi, çəpliklə bağlı problemlərə rast gəlinir". 

 

Q.Əliyevanın sözlərinə görə, orta yaşlı insanlarda quru göz sindromu daha çox yayılıb: "Daha çox kompüter arxasında oturan insanlar gözü qırpmağı unudur. Bunun nəticəsində də quru göz sindromu yaranır. Əgər gözümüzü qırpmağı unuduruqsa, bu, buynuz qişamızın qurumasına gətirib çıxır. Tez-tez üzü yumaq, kondisionerli otaqda oturmaq gözdə qurumaya səbəb olur. Kompüter qarşısından hər 45 dəqiqədən bir 5-10 dəqiqə kənarlaşmaq, dincəlmək və yaxud pəncərə önündə uzaq məsafəyə baxmaq lazımdır. Araşdırmalar göstərir ki, dağlıq bölgədə yaşayan insanlarımızın görməsi, şəhərdə yaşayan insanlarla müqayisədə daha yaxşıdır".

 

 

Oftalmoloq qırx yaşdan sonra ən çox mirvari suyu probleminin aşkarlandığını  açıqlayıb.

 

Q. Əliyeva hesab edir ki, hər bir şəxsin ildə bir dəfə, 6 aydan bir göz müayinəsindən keçməsi zəruridir.  

 

Göz qapaqlarında yaranan əsmələr barədə suallara cavab verən həkim-oftalmoloqun sözlərinə görə, bu problem əsasən əsəbdən irəli gəlir. O həmçinin qeyd edib ki, göz dibi müayinəsi ilə bəzi xəstəlikləri müəyyən etmək mümkündür: "Bəzən xəstələrin özləri bilmir şəkər xəstəliyi var, amma biz göz dibinə baxanda bunu təyin edirik. Bəzən xəstələr qan təzyiqinin olub-olmadığını hiss etmir, amma göz dibinə baxanda bunu təyin edirik".

 

"Öncə sağlıq" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

 

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT