Görənlərin həyat baxışını dəyişən görməyən adam...
15:03 – 01 Mart, 2018

Elman Süleymanov... 1992-ci ildə Bakı şəhərində anadan olub. Ailənin birinci uşağıdır. Bir bacısı və bir qardaşı var. Bir neçə ildir ailəsindən ayrı yaşayır. Başqa evə çıxıb. Amma deyir günaşırı, 2 gündən bir valideynlərinə, bacı - qardaşına baş çəkir. Doğulanda gözündə problemlər olub. 6 aylığında gözündən əməliyyat olunub. Elman, fərqli biridir, hətta tam sağlam adamlardan belə. Həyata sonsuz eşqi, irəli getmək üçün çətinlikləri aşma bacarığı var onun. Özünü necə xoşbəxt etməyi bilir Elman. Fiziki məhdudiyyətinə görə özünü nə cəmiyyətdən, nə ətrafdan təcrid edir. Həyatda gələcək uğurlarına heç bir maneə görmür öz çatışmazlığını. Onu çəkməyimizin səbəbi də Elmanın görməməsinə rəğmən bu günü və gələcəyi ilə bağlı olan planlarından vaz keçməməsidir. Onun gələcəyi, təhsili ilə bağlı müəyyən planları var. Deyir bu planlar onun həyatını təşkil edir. Hazırda bu oğlan psixoloq kimi onlarla insana kömək əlini uzadır. Həm də dost... “O vaxtkı, 92-93-cü illər idi, ölkədə vəziyyət qarışıq idi, tibb inkişaf etməmişdi. Həkimlərin səhvi ucbatından dalbadal neçə əməliyyat keçirdim. Bütün bunların nəticəsi olaraq da gözlərim zəiflədi. İncəsənət Gimnaziyasında təhsil almağa başlamışam, birinci partada otursam da, görürdüm. 2-ci sinifdə oxuyanda bir qəza oldu və tamamilə görməni itirdim. Ondan sonra internat həyatım başladı”.

 

Elmanın dediyi qəza elə özü yaşlarında bir uşaqla baş-başa toqquşmasıdır. Sakitcə dayandığı yerdə uzaqdan bir uşaq qaçaraq gəlib, onunla toqquşub və nəticədə Elman hər iki gözünün işığını itirib. Orada gecələməsə də, gözdən və digər problemi olanlarla birgə internatda təhsil alıb. Elman fərqli düşüncəli insandır, dünyagörüşü, həyat tərzi. Əsas da özgüvəni ilə. Deyir uşaq yaşlarından öz fikirləri ilə digərlərindən fərqlənib: “Bəlkə də 5-6 yaşlarından fərqli olmuşam. Əgər indi yaşadığım həyatı nəzərdə tutursunuzsa, bu məktəbi bitirdikdən sonra olub. Bizim oxuduğumuz məktəb qapalı bir qutudur. Orda uşaqlarla sosial münasibətlər qurmaq, dil bilgiləri mümkünsüzdür. Ağrı-acıya gəlincə, olur belə şeylər. Amma orda da xoşbəxt anlar olurdu”.

 

“Baryer elə bir şeydir ki, bəzi insanların yolunu dayandırır, bəzilərinə isə stimul verir. Dünyanın ən məşhur insanların həyatlarına getsək, Stif Cobdan, El Maksdan Hitlerə qədər hər birinin həyatına baxsaq, həqiqətən də onların çətin, acıyacağımız uşaqlıq və gənclik illəri olub. Baryer iki cür olur, ya birini stop deyərək saxlayır, ya da stimul verir. İmkanlarım məhdud idi, çıxıb futbol oynamaq, yaxud yaşıdlarımla oynamaq kimi. Amma kitab oxumağım mümkün idi. Məktəbi qurtarana qədər demək olar ki, bütün dünya ədəbiyyatını oxuyub bitirmişdim. O məhdudiyyət özünü bu tərəfdə göstərdi. Düşünmürəm ki, dünyada hər şeyi var və ya hər şey edir deyə bir insan var. Mən belə baxıram məsələyə - futbol oynamalı yox, kitab oxumalı idim” deyir qəhrəmanımız.

 

Elman “kaş ki, burda yox, orda olsaydım deyə peşmançılığım yoxdur” deyir. Arzusu Harvard Universitetinin məzunu olmaqdır: “Oxuduqca, kompüterdən istifadə eləməyə başladım, bu dünyanı açdım özümçün.  İnternatda ola-ola mən artıq klassikləri özüm üçün açdım. Hətta San Fransiskoda filan döngədə bu kafe var deyə onu belə öyrəndim. Cek Londonun “Martin İden” əsərini 7-ci sinifdə olarkən oxumuşdum. O əsərin həyatımda çox böyük önəmi oldu. Düşünürəm ki, o əsəri bu gün 30 yaşlı biri belə oxusa onun həyatını dəyişmək gücünə malikdir. Məktəbin sonuncu sinfində Amerikaya getmək kimi bir şans yarandı. İki həftəyə sıfırdan dan ingilis dili öyrənməli idim bunun üçün. Düzdür, Amerikaya gedə bilmədim, o gündən bu günə kimi ingilis dilinə mükəmməl yiyələndim. Bəlkə də o təklif olmasaydı, Avropaya çıxmayacaqdım. Təhsildə ingilis dilini bilmək mənə çox kömək olub”.

 

Elmanın üstünlükləri bununla da bitmir. O fortepianoda ifa etmək bacarığına da malikdir. 12 il bu işlə peşəkar məşğul olub. Sosial şəbəkələrdəki ünvanlarını özü tək başına idarə edir: “Amma sonda birdən-birə qərar verdim ki, günün 8 saatını piano arxasında oturub, bununla məşğul ola bilmərəm. İnsanlarla ünsiyyət istəyirdim daima, çünki ünsiyyətsizlik hiss edirdim daima. Universitetə girmək istədim, hüquqşünaslıq fakültəsinə, balım yetərli olmadı, Qərb Universitetində politologiyanı qazandım. İndi baxanda bu mənə görə yanlış seçim idi. Universitet mənə təhsil almaqdan çox münasibət qurmaq, sosiallaşmaq üçün lazımdır. Aktiv tələbə oldum, gedəndən sonra debat klub var idi, onun sədri idim”.

 

Elman, 4 il oxuyub ali təhsilin bakalavr pilləsini bitirdikdən sonra, Türkiyədə magistratura təhsili alıb. 4-cü kursun sonlarında Bakı Avropa Oyunları Əməliyyat Komitəsində çalışıb:

“Burdakı işim könüllüləri seçməkdən ibarət idi. Seçim mərhələsində müsahibə edən komandadaydım. Təxminən 3000-ə yaxın gənci müsahibə elədik, bu 7-8 ay ərzində. Onların dil bilgiləri, bacarıqlarını yoxlamaqla yanaşı, psixologiyalarını da yoxlayırdıq. Artıq bu sahəyə həvəs yarandı. Əvvəllər də belə hallar olurdu. Məsələn, yolla gedərkən kimsə zəng edirdi ki, bəs sənə danışmaq istədiklərim var, mən də görüşürdüm, danışırdı. Sözsüz, bu onda pulsuz idi. Psixologiya yalnız danışmaqdan ibarət deyil. Bunun elmi, terapiyası var. Master təhsili üçün Türkiyəyə getdim, daha sonra bir az sıxıntılar oldu, iş tapa bilmədim. Daha sonra Bakıdan yaxşı iş təklifi aldım və qayıtdım. İslam Oyunları Əməliyyat Komitəsində işimi davam elətdirdim. Onunla yanaşı bir şirkətdə də çalışırdım, kənar işçi kimi. Belə-belə bu yerlərdəyik”.

 

Düşünməyin ki, Elman üçün bütün qapılar açıq və hər şey asan olub. Çətinlikləri də çox olub Elmanın. Qarşısına bir çox maneələr çıxıb, uğursuz işləri də olub. Amma nəticə etibarı ilə Elmanın bacarığı, dünyagörüşü, bir çoxlarından fərqli olaraq həyatda uğurlu yaşamaq istəyi, hansısa pilləyə qalxmaq arzusu onu inadından dönməyə vadar edə bilməyib. Dostları ilə bərabər ictimai təşkilat yaradıb, sonra işləri yaxşı olmayıb. Bir neçə kafedə piano çalaraq pul qazanıb. Kimlər üçünsə proyektlər hazırlayıb pul qarşılığında. Sonra özünə kafe açıb, uşaqlıq arzusunu gerçəkləşdirmək üçün. Zarafatyana da deyir ki, “o kafeni də bir ildən sonra batırdım”: “Köməyə hər bir insanın ehtiyacı olur. Artıq elə sistemləşmişəm, hiss eləmirəm ki, mənim köməyə ehtiyacım var və kimsə də hiss etmir ki, o mənə kömək etməlidir. Komandam var ətrafımda, hər bir yaş təbəqəsində, hər bir intellektual səviyyədə, hər bir düşüncədə. Çatışmazlıq demək olar ki, hiss eləmirəm. Bəzən müəyyən aşağılamalar, önyarğılar olur. Bir az orta və yaşlı nəslin nümayəndələri tərəfindən. Gənc yox, daha çox orta nəsil insanlar düşünür ki, görməyən birinə müvafiq bir təqaüd ayrılmalıdır, oturmalıdır evdə, iş bacarığı olmamalıdır. Xeyriyyəçilər, müvafiq dini bayramlarda nəsə göndərməli, bir başqa daha imkanlı şəxs bir dəfə televizor alıb özünü reklam etməlidir. Kimsə vicdanını rahatlatmaq üçün əlil və ya imkansız bir şəxsə kömək etməklə böyük maddi sərvətlərindən kiçik bir hissəni ayırmaqla reklam edib, vicdanlarını rahatlaşdırırlar ki, mən də buna heç zaman imkan verməmişəm. Ona görə heç kim deyə bilməz Elmanın sponsoru olub və ya nəsə. Bu günün özündə Elman özü gənclərə kömək edir”.

 

 

“Olub ki, ictimai nəqliyyatdan istifadə elədiyim vaxtlar oturmuşam avtobusda, biri əlində əsa ilə özünü korluğa vurub dilənib. Mən həmin adama çıxarıb sədəqə vermişəm. Gənc vaxtı hətta metroda durub yer vermədiyimə görə döyülmüşəm də. Düşünürəm ki, əslində heç bir insan qanunları tapdalamadıqca və digər insanların azadlıq sərhədini pozmadıqca etik normalarda özünə hər hansı məhdudiyyət qoymamalıdır. Bu tək əlillərə aid problem deyil. Biz insanları bölüşdürürük – ağlar, qaralar, avropalılar, sonra əlillər və digərləri. Gözdən əlillərin hamısını yığıblar bir yerə - Nərimanov ərazisində bir yerdir. Yataqxana orda, idarə orda, məktəb orda, bina tikilib verilib, son 10 ildə ev paylanması da var təbii, əgər ədalətlidirsə çox sevindiricidir. O ərazidə bir çayxana var ki, girirsən içəridə 45 nəfər varsa, 42 nəfəri görmə problemli olanlardır. Və onlar yalnız bir-birləri ilə ünsiyyət qururlar. Digər sosial çevrəli insanlarla əlaqələri yoxdur. Artıq kənarda nə baş verdiklərindən belə çox zaman məlumat almırlar. Sanki bir məkana yığıb deyirlər ki, siz burda olun, əl-ayağa dolaşmayın. Bu məsələdə özümü də, sizi də, toplumu da qınayıram və hər kəsi bu məsələdə diqqətli olmağa çağırıram. Belə də mənə problem yoxdur, məni apar at bir səhraya, orda yenə də kimisə tapıb dostlaşacağam”.

 

Elmanın fikrincə insanları normal həyatdan məhrum edib, bir mühitdə toplamaq, sadəcə özün-özünlə qal demək, onları məhv etməkdir. İnsanın öz ətrafına və bütövlükdə cəmiyyətə yararlı olmasına, sosiallaşmasına imkan yaratmaq mütləqdir. Elman üçün bunu heç kim etməyib, o yalnız özü bunu edib. Bu gün Elmanın ətrafı Azərbaycandakı dostları ilə yekunlaşmır, Amerika, Avropa və digər ölkələrdən dostları var onun. O, özünə heç nəyi qadağan etmir. Çünki güclüdür, fiziki cəhətdən normal görünən insanlardan belə güclü və əzmlidir. Elman 5 dil bilir – Azərbaycan, rus, türk, ingilis və alman dillərini bilir. Bir müddət Almaniyada yaşayıb. Elə alman dilini də orda öyrənib.

 

Elman, 2016-cı ildə sevib-seçdiyi Minayə xanımla ailə qurub. Evlərində çəkiliş apararkən bu xanımın Elmana olan sevgisini, qayğı və diqqətini aşkar hiss edirdik. Minayə deyir ki, Elmanı gördüyü andan ürəyində ona sevgi yaranıb. “Ona dəli kimi aşiqəm” - deyir Minayə. Bunu kameramıza söyləməsini Elman istəmədi, amma Minayə həyat yoldaşına sevgisini hər zaman və istənilən şəraitdə elan etməyə hazır olduğunu bildirdi. Elmanın özünü Minayədən asılı hiss etməməsi, əsl ailə başçısı kimi davranması, ümumiyyətlə bu cütlüyün həyat tərzi problemlərlə çarpışmaq əvəzinə həyatdan əlini üzməyə hazır olan ailələrə örnəkdir - desək yanılmarıq. Elman Minayəyə əziyyət verməmək çabaları ilə, ətrafı, cəmiyyəti üçün yararlı olmaq cəhdləri ilə hər kəsə örnək olacaq qədər güclüdür. Kənar yardım olmadan özünü idarə etməyə alışdırıb Elman. Minayə, Elmanın çox zarafatcıl və həyat dolu olduğunu deyir. Deyir Elman həyatda qarşıma çıxmasaydı heç bilməzdim necə olardım: “2015-ci ildə konfransların birində çıxış edirdim. Yoldaşım da iştirakçıların arasında idi. Biz onunla tanışlıqdan sonra dostlaşmışdıq. Türkiyədə idim, skype-la danışırdıq. Ürəyim dolma istədi, həmin gün Antalyadan İstanbula bir tədbirə getməli oldum. Sonra qayıtdım Antalyaya, bir günlük getmişdim, gələn kimi, qapı döyüldü, açdım ki Mina, dərhal soruşdum niyə gəlmisən bura? Dedi sənə dolma gətirmişəm. Və beləcə sonra onu kəşf elədim. İnsani xüsusiyyətlərini. Məqsəd odur ki, bacardığın qədər dürüst olasan, peşən insanlara dəstək olmaqdır. Ömür nə qədər vəfa etsə, o qədər insanlara dəstək olacağam. İlk milyonumu qazandıqdan sonra yeni məqsədlər müəyyən edəcəm özümə. Kim deyirsə maddiyyat boş şeydir, elə deyil. Maddiyyat hər şey deyil, amma çox şeydir. Bir də onu ağıllı istifadə etmək lazımdır”.

 

Elman Azərbaycanı çox sevdiyini deyir. Amma karyera üçün bir müddətlik ölkəni tərk etmək fikrindədir: “Bu şəhərin hər küçəsini, hər kafesini çox sevirəm. Keçib otururam bir pub-da, cibimdə pul olmur, verməyib gedə bilərəm. Mənim burda yetəri qədər əlaqələrim, dostlarım var. Amerikada, Avropada mən bunu edə bilmərəm, orda mən sadəcə daha bir insanam. Bir ilə yaxın Almaniyada qaldım, pivə içməyi də çox sevirəm. Halbuki Bakıda alman pivəsini necə ləzzətlə içirik, orda həftələrlə soyuducuda qalırdı, amma toxunmurdum. Çünki orda oturub saatlarca ləzzət alaraq onu içməyə adamım yox idi. Elə küçə var onu ətrindən tanıyıram, eləsi var çala-çökəyindən bilirəm ki, bura haradır. Təməlli yox, amma uzun müddətli getməyi düşünürəm. Bu da karyera artımı üçün olacaq. Elə zamanlar olub, özümü sizlərdən biri və daha geniş imkanları olanlar kimi hiss etmişəm. Göz aparatı elə bir şeydir ki, bu böcəkdə, itdə də, pişikdə də var. Amma danışmaq bacarığı və zəka, insanın beyni kimi beyin heç bir canlıda yoxdur. Göz bəli – informasiya mənbəyidir. Amma danışmaqla və beyinlə düşünərək biz bu yerlərə gəlib çıxmışıq. Bəli, mənim də arzum və istəyim olub ki, nə zamansa öz avtomobilimə minim və gedim dənizin kənarında qağayılara smit yedizdirim. Amma bunu mən dostlarımla edirəm”.

 

Elman deyir ki, hansısa bacarığının əlindən alınması naminə görməyi istəməz. Çünki, o olduğu yerdən, bacarıqlarından və həyatından razıdır. Deyir, öz üzərində dayanmadan çalışması və dünyaya çıxışı onun üçün çox şeydir. Evindəki çəkilişdən sonra Elmanla birgə iş yerinə getdik. O, bu otaqda qəbul edir insanları. Onlara həyatda yollarını tapmağa kömək edir, onları saatlarca dinləyir: “Üç ildir ki, sərbəst şəkildə psixoloq kimi fəaliyyət göstərirəm. Adətən yanıma gələn insanların çoxu öncə psixoloq qəbulunda olanlardır. 99 faiz insanlar bu otaqda, bu masada mənimlə daha rahat olurlar. İndi insanlar çox dəyişikdir, bu da anormal deyil. Artıq küçəyə çıxdıqda başqa cürə davranırlar. Bu otaqda danışılanlar həqiqətən də insanların özlərinin özlərinə deməyə cürət eləmədikləridir. Burda da pasiyentlər şanslıdır, çünki küçədə, və ya başqa bir yerdə rastlaşdığımız zaman mən onları görmürəm. Bu da onları rahat edir”.

 

Elman deyir ki, hazırda psixoloqa müraciətlər daha çox özgüvən azlığı, münasibətlərdə olan problemlər, ailədaxili münasibətlərlə bağlı olur. Elman hazırda iki kitab üzərində işləyir. Hər iki kitabda psixologiya aspekti, yanaşması var. Hazırlanan hər iki kitabı Amerikada yayımlamaq istəyir. Növbəti 6-7 ay ərzində bunu reallaşdırmaq niyyətindədir. Eyni zamanda Elman Amerikada Psixoloqlar Assosiasiyasında araşdırma qrupunda olmaq arzusundadır. Və bu da Elmanın qarşısına qoyduğu məqsədlərdən  biridir...       

 

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT