Prezident İlham Əliyev Gürcüstanın baş nazirini qəbul edib
16:20 – 12 Mart, 2018

“Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsi ilbəil artır və Azərbaycan Gürcüstana investisiya yatıran ölkələr arasında birinci yerdədir”.

 

APA TV-nin yerli bürosunun Gürcüstan Nazirlər Kabinetinə istinadən məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan baş naziri Giorgi Kvirikaşvili ilə təkbətək görüşdə deyib.

 

Prezident İlham Əliyev Gürcüstan hökumət başçısının Azərbaycana səfərinin əhəmiyyətini və ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini qeyd edib.

 

Azərbaycan prezidenti iki ölkənin iştirak etdiyi qlobal əhəmiyyətli layihələrə də toxunub. Bildirib ki, bu layihələrdən biri ötən ilin oktyabrında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars layihəsidir: "Cənub Qaz Dəhlizi və TANAP layihələrinin də reallaşması bizim əməkdaşlığı daha yüksək səviyyəyə yüksəldəcək".

 

Dövlət başçısı deyib ki, Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq yalnız regional deyil, qlobal səviyyədə də uğurludur.

 

G.Kvirikaşvili isə iki ölkə arasında iqtisadi münasibətlərin müsbət dinamikasını qeyd edib. Bildirib ki, ötən il ikitərəfli ticari-iqtisadi əlaqələrdə əhəmiyyətli artım qeydə alınıb. Azərbaycan Gürcüstanın bir nömrəli investorudur. Qlobal formatlarda Gürcüstan hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir və bu strateji tərəfdaşlığa əsaslanır. 

 

Gürcüstanın baş naziri Azərbaycan prezidentini birinci respublikanın elan olunmasının 100 illik yubileyi münasibətilə təbrik edib: “Bu tarix Gürcüstan və Azərbaycan üçün əhəmiyyətlidir və ümid edirəm ki, biz bu tarixi layiqincə qeyd edəcəyik”.

X

XƏBƏRLƏR
BÖYÜT