Varisin 11-ci kitabı: “Uzaqdan gələn yağış”
18:54 – 12 Mart, 2018

“Libraff” kitab satışı mağazasında yazıçı Varisin “Uzaqdan gələn yağış” kitabının imza günü keçirilib.

 

APA TV-nin məlumatına görə, roman “TEAS Press” Nəşriyyat Evi tərəfindən çap olunub. Yazıçı deyir ki, əsərdə insanlara çağırış əksini tapıb:

 

 “Uzaqdan gələn yağış” romanı mənim Azərbaycanda çıxan sayca 11-ci kitabımdır. Bu əsər haradasa insanların maddiyyatdan daha çox mənəviyyata üz tutmalarına bir çağırışdır. Ənənəvi olaraq oxucuların ən çox sevdiyi və rahat həzm etdiyi eşq-məhəbbət mövzusundadır”.

 

Varisin sözlərinə görə, əsərdə qəhrəmanlar mənəviyyat uğrunda sevgiyə qənim kəsilən şəxslərlə mübarizə aparır:

 

"Nağıllar, bildiyimiz kimi, xoş sonluqla bitir, xeyir qalib gəlir. Bu əsərdə əslində xeyir ümumi kontekstdə qalib gəlib. Ancaq dar anlamda bizim qəhrəmanların mübarizə aparmağa gücləri çatmır. Sonda cəmiyyətə məğlub olurlar. Ancaq ümumi ideologiya sonda qalib gəlir".

 

Varis romanında bəşəriyyəti xeyrin qələbəsinə səslədiyini bildirir:

 

"Mənim bütün əsərlərim janr olaraq dramdır. Konkret olaraq sentimental triller də adlandırmaq olar. Yəni hissləri göstərən, sonu gözlənilməz bitən əsər".

 

Yazıçının sözlərinə görə, heç vaxt detektiv əsər yazmasa da, onu detektiv yazarı kimi də tanıyanlar var:

 

"Saytlarda, müsahibələrdə həmişə deyirlər "Detektiv yazarı". Həmişə səsimi qaldırıram ki, mən detektiv yazmıram, sentimental triller yazıram, dram yazıram. Ancaq detektiv yazmıram, heç vaxt da yazmayacağam. Mənim sahəm deyil".

 

Qeyd edək ki, “Uzaqdan gələn yağış” romanı yazıçının “TEAS Press” Nəşriyyat Evi ilə ilk əməkdaşlığıdır.

X

XƏBƏRLƏR
BÖYÜT