Bakıda beynəlxalq İpək Yolu konfransı keçirilib
17:09 – 13 Mart, 2018

"Azərbaycan ATƏT-in etibarlı tərəfdaşıdır. Bunun ən yaxşı nümunəsi belə mötəbər bir tədbirin ölkəmizdə keçirilməsidir".

 

APA TV-nin məlumatına görə, bunu ATƏT Parlament Assambleyası İpək Yoluna Dəstək Qrupunun "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusundakı beynəlxalq konfransında assambleyanın vitse-prezidenti, deputat Azay Quliyev deyib.

 

Natiq bildirib ki, qrup 2017-ci ildə üzv ölkələr arasındakı əlaqələrin genişləndirilməsi üçün 22 ölkənin iştirakı ilə təsis olunub.

 

Milli Məclisin vitse-spikeri Bahar Muradova isə deyib ki, ölkəmiz İpək Yolunun bərpası və üzv ölkələr arasındakı ticari-iqtisadi əlaqələrin daha da genişlənməsində maraqlı olmaqla kifayətlənmir, həm  də bu istiqamətdə əməli addımlar atır: "Bilirsiniz ki, Azərbaycan İpək Yolunun özünə aid olan seqmentinin bərpasına investisiya yatıran ölkədir və bu sahədə də bir sıra təşəbbüsləri artıq reallaşıb. Ötən il İpək Yolunun fəaliyyəti üçün çox önəmli olan Bakı-Tbilisi-Qars  dəmiryolu istifadəyə verilib. Araşdırmalar göstərir və bu gün artıq bu təsdiq olunmuş faktdır ki, bu layihə Çindən Avropaya tranzit müddətini 30-35 gündən 15 günə endirmək imkanına malikdir".

 

ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli də çıxışında İpək Yolunun bərpasının önəminə toxunub.

 

Monteneqro parlamentinin sədri İvan Brajoviç isə bildirib ki, İpək Yolu ilk növbədə sosial ədalətin bərpası üçün geniş imkanlar açır.

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qeyd edib ki, sözü gedən layihə tərəfdaşlar arasında ticari-iqtisadi əlaqələrin inkişafı və ticarət prosedurlarının sadələşdirilməsinə xidmət edəcək: "Bu layihə regional nəqliyyat infrastrukturunun yaradılması üçün çox önəmlidir və ATƏT-in sənədləri bu əməkdaşlıq üçün zəmin yaradır. Bu yol vasitəsilə ildə 1 milyon sərnişin daşınacaq ki, biz onu gələcəkdə 3 milyona çatdırmaq niyyətindəyik".

 

Konfrans öz işini panel-müzakirələrlə davam etdirib

X

XƏBƏRLƏR
BÖYÜT