Prezident İlham Əliyev Rumıniya baş nazirinin müavinini qəbul edib
17:36 – 13 Mart, 2018

Azərbaycan prezidenti İlham Əliyev martın 13-də Rumıniya baş nazirinin müavini xanım Ana Birçallı qəbul edib.

 

APA TV-nin məlumatına görə, xanım Ana Birçall Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı Rumıniya rəhbərliyi adından və öz adından başsağlığı verib. Dövlət başçısı başsağlığına görə minnətdarlığını bildirib.

 

Ana Birçall Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VI Qlobal Bakı Forumunda iştirakdan məmnun olduğunu bildirib. O, vurğulayıb ki, 2017-ci ildə Azərbaycan və Rumıniya arasında diplomatik əlaqələrin qurulmasının 25 ili tamam olur.

 

Dövlət başçısı 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini bildirib.

 

Xanım Ana Birçall bildirib ki, Rumıniya Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu istiqamətdə dəstəyini əsirgəməyəcək. Avropa üçün strateji əhəmiyyətli layihələrin həyata keçirilməsində Azərbaycanın mühüm rol oynadığını qeyd edən Ana Birçall bildirib ki, Rumıniya Azərbaycanı regionda sabitliyə və təhlükəsizliyə töhfə verən ölkə kimi dəyərləndirir. O, ölkəsinin Azərbaycanla əməkdaşlıq əlaqələrini bütün sahələrdə bundan sonra da genişləndirmək əzmində olduğunu deyib və bu işdə hökumətlərarası komissiyanın mühüm rol oynayacağına əminliyini ifadə edib.

 

Görüşdə Azərbaycan-Rumıniya əlaqələrinin yüksək səviyyəyə çatdığı vurğulanıb, ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığı və əməkdaşlığımızın böyük potensialının olduğu qeyd edilib.

 

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyət daşıdığı bildirilib.

 

Görüşdə, həmçinin qarşılıqlı sərmayə qoyuluşu və hər iki ölkədən olan şirkətlərin bu sahədə fəaliyyətinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

X

XƏBƏRLƏR
BÖYÜT