Bu gün Yel çərşənbəsidir
17:59 – 13 Mart, 2018

Bu gün Yel çərşənbəsidir. Yel çərşənbəsi ilaxır çərşənbələrdən üçüncüsüdür.

 

APA TV-nin xəbərinə görə, bu gündə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında onu "küləkli çərşənbə", "yelli çərşənbə", "nəfəs çərşənbə", "badi çərşənbə" adlandırırlar.

 

İnanca görə, Yel çərşənbəsində Qara nəhrdə yatmış 4 cür külək ayılır, müxtəlif istiqamətlərdə əsməyə başlayaraq əvvəlki həftələrdə oyanmış suyu, odu hərəkətə gətirir. Məhz bu gün tonqallar qalanar, evlər təmizlənər, süfrələr qurular.

 

Yel insanların arasında çox böyük rol oynayan təbiət qüvvəsidir. Məhsulun, barın necə olacağı küləkdən asılıdır. Yayda taxılın sovrulması zamanı xırman prosesində, yel dəyirmanlarını hərəkətə gətirmək üçün, meyvə ağaclarının, bitkilərin tozlandırılmasında, su hövzələrinin ətrafında yaşayan balıqçılıqla, gəmiçiliklə məşğul olanlar üçün yelin müəyyən istiqamətdə əsməsi çox mühüm rol oynayır. Ona görə də insanlar tarixən  küləyi Tanrı səviyyəsinə qaldıraraq onun arxasında ilahi bir qüvvənin olmasına inanıblar. Onlar küləyi istədikləri istiqamətə yönəltməkdən ötrü müəyyən mərasimlər təşkil edib, onun şəninə nəğmələr oxuyub və müəyyən şənliklər keçiriblər. Küləklə bağlı istər səmavi kitablarda, istərsə də mifologiyada və elmdə müxtəlif informasiyalar mövcuddur. 

 

Bəzi inanclara görə, Yel baba xırmana gəlməmişdən öncə oradan buğda, dən  götürməzlər, sovurulmamış buğdanı götürənin oğlu ölərmiş. Digər bir inanca görə isə, Yel çərşənbəsi gecəsi söyüd ağacının altında niyyət edərək Yel babanı səslədikdə, yel əsib söyüdün budaqlarını torpağa toxundursa, dilək tutanın diləyi yerinə yetərmiş.

 

Folklorşünas Kəmalə İslamzadə də bildirir ki, külək folklorumuzda ruhu təmsil edir: "Allah insanı  yaradarkən öz nəfəsindən onun cisminə ruh üfürüb. Bu da küləkdir. Ruh bizim nağıllarımızda adətən quş şəklində təsəvvür edilib. Buna görə də Yel çərşənbəsində adətən bazarlarda, meşədə ovlanmış quş satardılar. Əgər kim günahlarını yumaq istəyirdisə, onlar quşları satın alıb sonra onları sərbəst buraxardı. Bu zaman bu sözləri deyərdilər - azad-bezat, məni cənnətdə gözət".

 

Yel çərşənbəsini bəzi bölgələrdə, xüsusilə də Azərbaycanın qərb rayonlarında "Qara çərşənbə", "Gül çərşənbə"  də adlandırılar. Çünki məhz bu gündə qəbirlər ziyarət olunur, kol-kosdan təmizlənir və dünyasını dəyişmiş yaxınlar yad edilir.

X

XƏBƏRLƏR
BÖYÜT