Putinin triumfu, Afrin zəfəri, Trampın "müharibə komandası"...
14:57 – 19 Mart, 2018

Ötən həftə beynəlxalq gündəm çox zəngin olub. Rusiyada prezident seçkiləri keçirilib, Vladimir Putin yenidən prezident seçilib. Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrin şəhər mərkəzini PYD/YPG terrorçularından azad edib. Birləşmiş Ştatlarda isə İranla nüvə razılaşmasının ləğvinə dair polemikalar başlayıb. Dövlət katibi Reks Tillerson vəzifəsindən azad edilib, onun yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mark Pompeo təyin olunub. Dəyişikliklər İrana qarşı hərbi əməliyyata hazırlıq, Trampın müharibə komandası toplaması kimi dəyərləndirilir. APA TV-nin "Panoram" layihəsinin növbəti buraxılışında bir-birinə ciddi təsiri olan bu üç mühüm hadisə ətrafında müzakirə aparılıb.

 

Politoloq Şahin Cəfərli hesab edir ki, Vladimir Putinin oponentləri arasında gedən mübarizə Kreml texnoloqları tərəfindən seçkilərə marağın artmasına hesablanmışdı. "Hal-hazırda Qərbin konkret Putinə, Rusiya ilə yanaşı Putinin şəxsiyyətinə qarşı yönəlmiş basqıları, təzyiqləri var. Belə bir çətin situasiyada Putin üçün, Rusiya hakimiyyəti üçün nümayiş etdirmək lazım idi ki, Rus xalqı Putinin ətrafındadır, Rus xalqı Putinin arxasında birləşib və Putin Rusiyanın legitim prezidentidir" - Şahin Cəfərli belə deyib.

 

Verilişdə Afrin əməliyyatlarında qazanılan qələbələr və bölgədə baş verən dəyişikliklər müzakirə olunub. Şahin Cəfərli deyib ki, bu əməliyyat Türk ordusu öz döyüş qabiliyyətini saxladığını göstərdi: "Bu ordunun zədələnmiş nüfuzuna, reputasiyasına çox ciddi şəkildə bərpaedici təsir göstərdi".  Politoloqun sözlərinə görə Afrindən sonra Türkiyənin hədəfi Membiçi YPG terrorçularından təmizləmək olacaq.

 

ABŞ-İran münasibətlərindən danışan Şahin Cəfərlinin sözlərinə görə Tramp bu ilin may ayında sanksiyaların yenidən tətbiq edilməsinə tərəfdar ola bilər: "Tramp sanksiyaların dayandırılması barədə qərarı uzatmasa, artıq İrana qarşı iqtisadi sanksiyaların məsələsi Konqresin gündəminə gələcək".

 

"Panoram" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT