Nurəddin Mehdixanlı: “Kitaba bağlı olan millətlər həmişə irəli gediblər”
11:45 – 04 Aprel, 2018

Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, xalq artisti Nurəddin Mehdixanlının APA TV-nın “Sözü kodu” verilişinə müsahibəsi

 

- Nurəddin müəllim, ard-arda “Ölülər”, “Almaz” və “Cəhənnəm sakinləri” tamaşalarının premyerası keçirildi. Hər üç səhnə əsərində baş rolda oynamaq, bu yükün altına çiyin vermək sizi yormayıb?! 

 

- İşini sevən adam öz işi ilə məşğul olanda heç vaxt yorulmur. İnsanı yoran ona aid olmayan məsələlərə həddindən artıq vaxt sərf etməsidir. Eyni zamanda insan sevdiyi mühitdə olanda yorulmur. Ümumiyyətlə, mən yorulmaq deyilən anlayışı qəbul etmirəm. 

 

- Bilirəm ki, məzuniyyətdə daha çox kəndinizdə olmağa üstünlük verirsiniz...

 

- İnsan harada doğulubsa, ora baş çəkməlidir. Çünki bədən enerjini o torpaqdan götürür. Enerji tükənəndə qaçırsan ora. Hava alırsan, insanlarla görüşürsən və deyirsən: hər şey yaxşıdır! Gəlirsən bura, qazandıqlarını sərf edirsən, bildiklərini öyrədirsən.

 

- Şəhərin səs-küyü sizi yorub, yoxsa artıq alışmısınız?

 

- Səs-küy nəyəsə xidmət edirsə, insanı yormaz. İnsanı boş söhbətlər, boş səs-küylər yorur. Mən Bakını sevən adamam. Bu şəhərin dənizi, özünəməxsus arxitekturası, ruhu var. Bilirsiniz, o şəhərlər əsl şəhərdir ki, ruhu var. Mən Bakını ruhu olan şəhərlərdən hesab edirəm. Ona görə də buradayıq, bura ölkəmizin, məmləkətimizin paytaxtıdır. Dövlətimizin baş bayrağı burada dalğalanır. Amma hər birimizin paytaxta gəldiyimiz yer var. Oradan gəlib ölkəmizə, millətimizə xidmət edirik. Hə, nəfəsim çatmayanda kəndimizə gedirəm, Qazan Köşkünə qalxıram. Bütün o tayı-bu tayı görürəm, qayıdıb işimə davam edirəm. Hər Novruz bayramında övladlarımı da götürürəm, gedirik ora. Çünki atam Novruz bayramlarında bizi Qazan Köşkünə aparardı.

 

- Gəlin, keçmişə qayıdaq. Biz indi “Libraff” kitab mağazasında kitabların arasındayıq. Kəndinizdəki kitabxanadan danışmağınızı istəyirəm.

 

- O vaxt bütün kəndlərin və kənd məktəblərinin kitabxanası var idi. Bizdə altı kənd birləşmişdi və böyük kitabxanamızın müdiri Əbil kişi çox maraqlı adam idi. Həmişə səliqəli geyinərdi. Evimizdə kitab çox sevilərdi. Şənbə axşamları evimizdə kitab oxuma günü idi. Səhv oxuyanda atam saxlayar, düzəliş edərdi. Yaxşı mənada kitab xəstəsi idik. Məktəbimizdə də belə ənənə var idi: ayda bir dəfə ən çox kitab oxuyan uşaqların yarışı keçirilir, onlara hədiyyə verilirdi. Məktəb kitabxanasındakı bütün kitabları oxuyub qurtarmışdıq.

 

- Nə oxuyurdunuz?

 

- Altıncı-yeddinci sinfidə Viktor Hüqonu, Aleksandr Dümanı, Drayzeri oxuyurduq. Və çətin də gəlmirdi... Çünki yaxşı müəllimlərimiz var idi. Bundan başqa tamaşalar da qururduq. Bizim Xeyrulla və Hüseynağa müəllimlərimiz var idi. İki qardaş idilər. Ailələri repressiya görmüşdü. Onların zəngin kitabxanaları var idi, alıb oxuyurduq. Uşaqlarla aramızda yarış var idi ki, kim daha çox oxuyacaq. İndiyə qədər yadımdadır, 370056 poçt indeksinə yazırdıq, Bakıdan kitab gəlirdi. Uşaqlara deyirdik, mən oxuduğumu sən oxumayıbsan. Külli kainatı Allah yaradıb. Sonra Allah kitab göndərdi. Əgər Allah yaratdıqlarına kitab göndərdisə, deməli, dünyanın ən qiymətli nəsnəsi kitabdır. O millətlər ki, kitaba bağlı olub, həmişə irəli gediblər. Elm nədir? Sənin bu dünyada yerini müəyyən edən xəzinədir. Bu mənada kitab hər şeydir. Kitabsız xalq olmaz. Yalançı, düz olmayan adam haqqında nə deyirlər? Deyirlər, bu kitabsız adamdır. Deməli, kitablı olmaq elmli, mərifətli olmaq deməkdir.

 

- Kitab oxumaq xüsusən aktyorlara vacibdir. Çünki aktyor istedad hesabına bir məqama çatandan sonra oxumasa, tükənməyə başlayır. 

 

- Harada kitab yoxdursa, orda cahillik, nadanlıq, xürafat var. Kitabın çox oxunduğu cəmiyyətlərdə insanlar daha mehriban, daha diqqətli olurlar. Özümdən götürürəm… Mən gəlib bir yerə çıxmışamsa, yaxşı müəllimlərim və onların mənə tövsiyə etdiyi kitablar hesabına gəlib çıxmışam. Bəzən uşaqlar zarafatla mənə kitab adamı deyirlər. Mən bununla fəxr edirəm. Evimdə, balaca qrim otağımda kitablarım hər zaman yanımda olur. Baxın, bu kitab mağazasının çox gözəl aurası var. İnstitutda oxuyanda saatlarla kitabxanalarda oturardıq. İnsan nə vaxt rahat olur? Bilmədiklərini öyrənəndə. Ölümdən bilirsiniz, kimlər qorxur? Dünyanı dərk etməyənlər. Aktyor bunu anlamalıdırmı, əlbəttə, anlamalıdır. Savadsız, mütaliəsiz aktyoru elə kitabsız adam kimi tanıyıram. Bu gün sürətli informasiya əsridir. Əgər 300-500 insanın qarşısına çıxırıqsa, onlardan ən azı beş dəfə artıq məlumatlı olmalıyıq. Aktyorun içi dolu olmalıdır ki, onlara təsir edə bilsin. Aktyor sənəti sadəcə, kiminsə sözünü əzbərləyib çıxıb demək deyil. Aktyor yaradıcıdır, 500 adamı eyni vaxtda susduran, ağladan, güldürən, ona qulaq asmağa məcbur edən insandır. Bunu bacarmaq üçün sənətin sirlərini öyrənmək, oxumaq lazımdır.

 

- Sənətə gələndə bütün bunları göz ardına almışdınız?

 

- Mən heç vaxt aktyor olmaq fikrində olmamışam. O vaxt məktəb teatrları var idi. Biz tamaşalar oynayırdıq. Məsələn, mən “Ölülər”də İsgəndəri, “Od gəlini”ndə Elxanı oynamışam. Amma o teatrlar ondan ötrü deyildi ki, hamı aktyor olacaq. Məktəb teatrları yerişi-duruşu, danışmağı öyrənməkdən, komplekslərdən azad olmaqdan ötrü çox vacib idi. Eyni zamanda nitq qabiliyyətini formalaşdırırdı. Atam istəyirdi, mən hüquqşünas olum. Mən isə hərbçi olmaq arzusunda idim.

 

- Hüquqşünas və hərbçi o zaman daha nüfuzlu olub, görünür, ona görə imiş...

 

- Biz avşarıq. Avşarlar da savaş adamlarıdır. Mənim bir neçə qardaşım hərbçidir. Atam, əmilərim müharibə iştirakçıları olublar. Mehdixanlılardan indi də kifayət qədər insan orduda xidmət edir. Mən evdə yalan danışdım və onlar bir də xəbər tutdular ki, İncəsənət İnstitutunun birinci kursuna daxil olmuşam. O vaxta qədər Leninqrad Ali Siyasi Məktəbinə imtahan vermişdim.

 

- Qəbul da olmuşdunuz?

 

- Bəli. O zaman Lütfü Məmmədbəyovun rəhbərlik etdiyi Xalq Teatrı var idi. Mən orada tamaşalar oynayırdım. Lütfü müəllim məni inandırdı ki, minlərlə hərbçi var, amma sənət başqa şeydir. Məni inandırdı, qəbul sənədimi cırıb atdı. Artıq geri dönüş yoxdur. Bu sənət məni tanıdıb, sevdirib. Mən müəllim də, hərbçi də ola bilərdim. Dünyamı dəyişəndə məni müəyyən insanlar tanıyacaqdı. Amma Nurəddin Mehdixanlı dünyasını dəyişəndə, kifayət qədər insan biləcək ki, belə bir insan var idi, yaşadı, bu dünyadan getdi. Əslində, insan ömrü torpağa tapşırılandan sonra başlayır. Onun kimliyi də ondan sonra bəlli olur, ömrü də. Çünki əməllərlə yaşayır. Bəzən peşmanlıq hissi olur, istədiyini realizə edə bilmirsən. Məsələn, düşünürsən ki, Azərbaycan teatrına daha faydalı ola bilərsən. Mən hərbçi də olsaydım, ölkəmə daha faydalı olardım. Bu gün aktyordan, şairdən daha çox peşəkar hərbçilərə ehtiyac var. İndi Azərbaycan ordusu 20 il əvvəlki ordu deyil. Azərbaycan ordusu dünyanın ən irəli gedən, ən son texnika ilə təmin edilən ordusudur. Bu, bizim dövlətimizin və millətimizin varoluş zəmanətidir. Ona görə də zabit peşəsi mənim üçün müqəddəs peşədir. Müəllim dərs deyir, şair yazır, heykəltəraş daş yonur... Hərbçi isə öz canı ilə bayrağın, millətin zəmanəti olur. İşinin bədəli onun həyatıdır. Mən sənətə gələndə də çalışdım ki, ağlım, gücüm nəyə çatır, millətimə faydalı olum.

 

- Mən bilirəm ki, siz şeir yazırsınız. Kitab çıxarmağa isə kompleksiniz var. Nədən çəkinirsiniz?

 

- 20 il əvvəl kitab çıxarmaq həvəsində idim. Sonra fikrimdən yayındım. Düzdür, əgər onlara kitab demək olarsa, bu gün qalın-qalın kitablar çap olunur. Gənc şairləri oxuyuram və onların qabağına şeirlər kitabı çıxarmaq istəmirəm. Salam Sarvanın, Qismətin, Aqşin Yeniseyin, Aqşin Evrənin qabağına mən necə şeir kitabı çıxarım? Belə şeylər var. Sadəcə, özüm üçün yazıram, onlar mənim hisslərim, duyğularımdır. Bəlkə də yaymaq üçün yox, özümə hədiyyə etmək üçün onları çap etdirəcəm. Amma bu gün Azərbaycan ədəbiyyatında elə imzalar var ki, onların qarşısına sözlə çıxmaq lazımdır. Yenə güldən-bülbüldən yazacaqsansa, nə ehtiyac var? Niyə özünü gülünc vəziyyətə qoyasan? Mən özümə hörmət edən, abrımı qoruyan adamam.

 

- Nurəddin müəllim, Akademik Milli Dram Teatrının qapısından içəri girəndə təəssüfləndiyiniz olubmu ki, kaş filan aktyorlar sağ olaydılar, onlarla bir yerdə səhnəyə çıxaydım...

 

- Hər gün qapıdan girəndə onu düşünürəm. Hər gün! Bilirsiniz, bizdən əvvəlki nəsillə bizim nəslin çoxlu fərqləri olub. Məsələn, onlar kifayət qədər savadlı olmaya bilərdilər. Amma fədai və fanatik idilər. Bu, bir. İkincisi, onlar kənarda geydikləri ayaqqabı ilə teatra girməzdilər. Onlar qapıda ayaqqabılarını çıxarır, başqasını geyib içəri daxil olurdular. Teatra müqəddəs yer kimi baxırdılar. Ruhların yaşadığı, ruhların dolaşdığı yeri kimi görürdülər teatrı.

 

- O nəsildən kimləri xatırlayırsınız?

 

- Hansıları deyim? Məmmədrza Şeyxzamanov, Fateh Fətullayev, Möhsün Sənani, Ağasadıq Gəraybəyli... Bizdən bir qədər böyük olan, dünya miqyaslı Səməndər Rzayevi vaxtından qabaq itirdik. 41-42 yaşında onu itirdik. Səməndər həm də gözəl şeirlər yazırdı, gözəl oxuyurdu, pianino çalırdı, rəsm çəkirdi. Allahın sevə-sevə yaratdığı, bizim xalqımıza bəxş etdiyi böyük istedad idi. Az ömründə nələr elədi? Amma həm də nələr edə bilərdi?! Yaşar Nuri nə yaşadı ki? Çox istedadlı, çox yapışıqlı insan idi. Vəfa Fətullayeva, Hökümə Qurbanova, Məhluqə Sadıqova, Nəcibə Məlikova, Ətayə Əliyeva, Mirvari Novruzova... Onlar ayrı dünya, ayrı adamlar idilər. Amma mən dünəni ideallaşdırıb bu günü inkar edən adamları da qəbul edə bilmirəm. Görürsən ki, bilərəkdən bu günü inkar edən adamlar var. Onlar zamanın böyük sənətkarları idilər. Bu günün şərtləri isə tamam başqadır. Bu gün aktyordan tələb olunan şeylər 40-50 il əvvəlki aktyordan tələb olunmurdu. O vaxt suflyor teatrı idi. Aşağıda suflyor otururdu, aktyor onun dediyini təkrar edirdi. Bizim Milli Teatrımızın 145 yaşı var. Cənab prezidentin sərəncamı ilə martın 10-u rəsmi olaraq Milli Teatr günü kimi qeyd olunur. Teatr yarananda çox böyük qurbanlar verib. Müəyyən mərhələlər, hər mərhələnin özünəməxsus yaradıcılıq tərcümeyi-halı var. Yenə deyirəm, 30-40 il qabaq səhnədə olan aktyorun səhnədə xərclədiyi enerji ilə bu gün tələb olunan enerji arasında çox böyük fərq var. Bugünkü tamaşaçı kompüterin arxasından durub gəlib.

 

- Onu təəccübləndirmək də çətindir.

 

- Bir dəqiqənin içində çox böyük informasiyalar ala bilir. Bu günün tamaşaçısı dünya teatrlarını görüb. Dünən o yox idi. Deməli, bugünkü aktyorun boynuna daha ağır yük düşür. Bu gün Akademik Milli Dram Teatrının ikinci-üçüncü mərtəbələri də dolursa, deməli, bu, aktyorların, rejissorların çox böyük uğurudur. Keçmiş təməldir. O, sağlamdırsa, onun üstündə hər şey qura bilərsən. Keçmiş binalar min il yaşayır, dağılmırlar. Çünki təməli möhkəmdir. Millətlər də belədir. Millətin təməli mədəniyyətlə, əxlaqi dəyərlərlə qoyulubsa, o millət on min illərin o başına qədər yaşayacaq. Milləti yaşadanlar isə fərdlərdir. Hər kəs öz sahəsində bu işi görür. Biz teatr mədəniyyəti sahəsində çalışırıq. Biz də bu günümüzün xəzinəsinə nələrisə verməliyik ki, sabah üçün öyrənilə biləcək nə isə olsun. Ona görə də Azərbaycan teatrının keçmişi bizim üçün xəzinədir, məktəbdir. Biz onu öyrənib, gələcəyə əmanət ötürməliyik.

 

- Teatr məbəddir, yoxsa biznes strukturudur? Bu sərhədi necə müəyyən edək?

 

- Teatr müqəddəs yerdir. Ona məbəd deyə bilərik. Çünki teatr məscid, kilsə, sinaqoq kimi insanın düşündüyü, özünə hesabat verdiyi yerdir. Ancaq sizə bir şeyi də deyim. Maddiyyat hər bir millətin varoluşu üçün çox vacib olan amildir. Amma millət mədəniyyəti, mənəvi dəyərləri qura bilmədən yaşaya bilməz. Bu onu yalnız xaosa apara bilər. Elə sənət növləri var, ona biznes kimi baxmaq olmaz. Əksinə, yardımçı olmaq gərəkdir. Dünyanın hər yerində belədir. Və bizdə də belədir. Bu gün Azərbaycan teatrlarının öz binalarını dünya standartları səviyyəsində təmir etmək imkanı yoxdur. Onu dövlət edib. Bu gün Azərbaycanda təmir olunmayan teatr yoxdur. Ən son texnika ilə təmin olunub. Dövlət qazanc güdmədən teatrların maliyyə problemlərini həll edir. Çünki millət mədəniyyəti ilə var olur. Bu məna Azərbaycanda bütün bu məsələlər doğru və düzgün şəkildə öz yerindədir. Biz də öz işimizə vicdanla xidmət etməliyik. Və tamaşaçının qarşısına çıxanda ona yalan deməməli, səmimi olmalıyıq.
 

- Bir çox ölkələrdə qastrol səfərlərində olmusunuz. Onlardan biri də İraqdır. Bu o zaman idi ki, Səddam Hüseyn hakimiyyətə idi. İstərdim, həmin səfər haqqında danışaq...

 

- 1994-cü ildə Azərbaycan prezidentinin fərmanı ilə Məhəmməd Füzulinin 500 illik yubileyi keçirilirdi. Həmin yubileylə əlaqədar olaraq dövlətlərarası münasibətlər çərçivəsində Azərbaycandan böyük bir nümayəndə heyəti Baş nazirin müavini Elçin Əfəndiyevin rəhbərliyi ilə İraqa səfərə getdi. Çox maraqlı səfər oldu. Yüksək səviyyədə yubiley tədbiri keçirildi. Nümayəndə heyətinin bir çox üzvləri Səddam Hüseyn tərəfindən qəbul olundu. Sonra bizi ziyarətgahlara apardılar. İmam Hüseyni ziyarət etdik, Nəcəfdə Həzrəti Əlinin məscidində, Kufədə Həzrəti Əlinin evində olduq. Mən birinci dəfə idi o yerləri görürdüm. Çox duyğulu xatirələrim var o səfərlə bağlı. Sadəcə, demək istəyirəm, əqidəsi, amalı uğrunda savaşan və şəhid olan hər kəsin qarşısında baş əyirəm. Mənim üçün o yerlər nə qədər müqəddəsdirsə, eyni zamanda Şəhidlər Xiyabanı da o dərəcədə müqəddəs yerdir. Bəlkə də bəşəriyyət ona görə hələ də var ki, yaradan o şəhidlərə görə rəhm edir.

 

- Övladlarınızdan danışmağınızı istərdim. Kimdirlər, nəçidirlər? Və bütün bu söhbətləri evdə də edirsinizmi?

 

- Mənim üç övladım var. Böyük qızım Ayturan hüquq təhsili alıb, bank sahəsində çalışır. Oğlum Ərturan da ali təhsillidir, dövlət işində çalışır. Kiçik qızım Alagöz universiteti bu il bitirib, indi kurs keçir, bu yaxınlarda öz peşəsinə uyğun şəkildə işlə təmin olunacaq. Övladlarımın davranışı, dünyaya baxışı ilə fəxr edirəm. Onları vətəninə, millətinə sevgi ilə böyütmüşəm. Onlar da atalarının kim olduğunu bilirlər. Övladlarımın bu şəkildə böyüməsində həyat yoldaşımın çox böyük rolu var. O, ingilis dili müəlliməsidir.

 

- İngilis dilini bilirsiniz?

 

- İndi camaat gedib kurslarda pul verib, öyrənir, mən evdə...

 

- Kurs sizin evinizdədir.

 

- (Gülür). Evdə mənə sataşmaq üçün öz aralarında ingilis dilində danışırlar. Bir dəfə soruşdular ki, Nurəddin müəllim, övladlarınıza nə miras qoyub gedirsiniz? Mən də dedim, miras olaraq Cavad xan obrazını qoyub gedirəm. Kimdir Cavad xan? Milləti, torpağı uğrunda şəhidliyi qəbul edən Azərbaycan kişisi. Mənim övladlarım bu ruhda böyüyüblər. Əslində insanın ən dəyərli varidatları onun ailəsi, övladlarıdır.

 

- Özünüz istəmədiniz mədəniyyət sahəsində olsunlar?

 

- Özləri seçdilər. Övladlar bizim sabahımızdır. Biz bu gün kimi böyüdürüksə, bu millətin, bayrağın taleyi onlara bağlıdır. Onlar mənim üçün çox dəyərlidirlər. Çünki ulu babalarımın qanını, Avşar Elinin Mehdixanlı qolunu yaşadacaqlar. Eləcə də hər bir ailənin uşağı vətənə bağlılıq tərbiyəsi ilə tərbiyələnsə, bizim ölkəmizə zaval yoxdur. Müstəqil Azərbaycan dövləti, millətimiz əbədi var olacaq. O bayrağımız da min illərlə orada dik dayanacaq, dalğalanacaq. Dünya bizsiz yarımçıq olar, dünya bizsiz kasıb olar. Hər bir Azərbaycanlı bu cür düşünməli, yaşamalıdır.

 

- Son sual: hansı obrazları yaratmaq istəyiniz var?

 

- Mənim indi ən böyük arzum Şekspirin Kral Lirini oynamaqdır. Hesab edirəm, onu oynamaq üçün yetişmişik. Və ikincisi, çox arzu edirəm, “Otello” bizim səhnəmizdə tamaşaya qoyulsun. Çünki bu gün Qərb-Şərq, ağlar-qaralar dünyasının savaşı gedir. Hesab edirəm, bu tamaşalarla sözümüzü deyə bilərik. Bu gün Akademik Milli Dram Teatrında elə bir yaradıcılıq atmosferi yaranıb ki, bu işləri görəcəyik, Azərbaycan teatrının tarix səhifələrinə imza atmağı bacaracağıq.

X

XƏBƏRLƏR
BÖYÜT