Beynəlxalq gərginlik və ABŞ-dakı proseslər neftin qiymətinə ciddi təsir edir
10:52 – 16 Aprel, 2018

Həftənin ilk seanslarında xam neft dəyər itirib.

 

APA TV-nin məlumatına görə, buna rəğmən Yaxın Şərqdə gərginliyin artması qiymətləri yenidən bahalaşdıra bilər. Çünki bu region neftlə zəngindir və dünya neft ixracatının böyük bir qismi bura düşür.

 

Beynəlxalq gərginliyi - ABŞ, İngiltərə və Fransanın Suriyaya zərbələri, İranla Rusiyanın Əsəd hökumətini dəstəkləməsi də prosesə təsir edir. ABŞ-ın İrana və Rusiyaya qarşı sanksiyalarını, üstəlik Avropanın da Moskvaya sərt davranışını, Yəməndə İran dəstəkli husilərlə Səudiyyə Ərəbistanı arasındakı müharibəni də qeyd etmək lazımdır.

Sadalanan səbəblər neft bazarında qiymətlərə müsbət təsir edir.

 

Ucuzlaşmaya əsas səbəb isə ABŞ-da neft istehsalının sürətlə artmasıdır. Ötən 7 gündə qaya nefti çıxarılan fəal quyuların sayı 12 həftədə 10-cu dəfə artdı. ABŞ təkcə neft hasilatını yox, eyni zamanda bazara çıxardığı neftin həcmini də artırır. Bu ölkədə istehsal o qədər sürətlənib ki, Yaxın Şərq böhranı və OPEC-in istehsalı azaltmaqla bağlı razılaşmasına ciddi əməl etməsi də qiymətləri kəskin bahalaşdıra bilmir.

 

Hazırda birjalarda "Brent" nefti  71,86 dollardan, Qərbi Texas nefti isə 66,81 dollardan satılır.

X

XƏBƏRLƏR
BÖYÜT