Arizona Senatından Azərbaycana dəstək BƏYANNAMƏSİ
12:00 – 16 Aprel, 2018

Arizona Senatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyannamə qəbul edib.

 

APA TV-nin məlumatına görə, sənəd Senatın plenar iclasında Senat sədrinin müavini senator Con Kavana tərəfindən oxunduqdan sonra yekdilliklə qəbul olunub. Bəyannaməni Senat sədri və müavini Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edib. 

 

Sənəddə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu, eləcə də ABŞ və BMT-nin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığı və dəstəklədiyi bildirilir. Bəyannamədə, həmçinin ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.
  
Sənəddə  qeyd olunur ki, Los Ancelesdəki Baş Konsulluq vasitəsilə Azərbaycan Arizona ilə son illərdə güclü əlaqələr qurub.
 
Bəyannamənin sonunda Arizona Ştat Senatı tərəfindən Azərbaycanın müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə bir daha qəti dəstək ifadə edilir və ABŞ-Azərbaycan strateji tərəfdaşlığının daha da gücləndirilməsinin önəmi qeyd olunur. 

 

X

XƏBƏRLƏR
BÖYÜT