Kolleksiya üçün Azərbaycan manatı: hansı əsginaslar və niyə qiymətlidir? - ARAŞDIRMA
12:43 – 16 Aprel, 2018

Pul kimlər üçün bahalı avtomobil, lüks yaşayış, kimləri üçün də sağlamlıqdır. Onun varlığı bir problem, yoxluğu isə başqa problemdir. Əgər sağlamlığın və pulun varsa, dolayısı ilə xoşbəxt olmaq üçün seçim imkanları da çox olur.

 

Pul - ¼ hissəsi kətan ipdən, ¾ hissəsi isə pambıqdan ibarət olan xüsusi kağızdır. Kağız ultrabənövşəyi dalğavari xətlərə sahibdir. Digər vacib olan komponent isə boyadır. Banknotun üz hissəsinə maqnit tərkibli qara, digər üzünə maqnit tərkibi olmayan yaşıl rəng vurulur. Banknotların təhlükəsizliyini təmin etmək və onları saxtalaşdırılmadan qorumaq üçün bütün bu xırdalıqlar mütləqdir. Çapın keyfiyyəti isə xüsusi skaner və texnika vasitəsilə yoxlanılır. Daha sonra çap olunmuş vərəqlər qurudulur və ayrı-ayrı banknotlara bölünür. Hazır pullar isə qablaşdırma lentləri ilə bağlanılır və növbəti daşınma üçün hazır vəziyyətə gətirilir.

 

Müstəqillik dövründə Azərbaycanda ilk milli valyuta 1992-ci ilin 15 avqustda çap olunub. Birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib. Yeni dizaynla 1 və 10 manatlıq əsginaslar həmin şirkətdə istehsal olunub.

 

2006-cı il yanvarın 1-dən etibarən isə yeni manata keçilib. Yeni nəsil pullar Avstriyada çap olunub. Pul nişanlarının texniki parametrləri və mühafizə elementləri sistemi isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb. Belə ki, yeni nəsil əsginaslar 4 pilləli mühafizə sisteminə malikdir. 1-ci dərəcəli xüsusi avadanlıq tələb olunmadan əhali tərəfindən, 2-ci dərəcəli ticarət müəssisələri tərəfindən sadə cihazlarla, 3-cü dərəcəli banklar tərəfindən xüsusi avadanlıqlarla və 4-cü dərəcəli yalnız bank-emitent (Mərkəzi Bank) tərəfindən müəyyən edilir.

 

Azər Nağıyev də uzun illərdir ki, bonistika ilə məşğuldur. Bonistika pul nişanları və bonları öyrənən elmdir. XX əsrin əvvəllərində yaranmış bu elm numizmatika ilə sıx bağlıdır. Kolleksiyaçı Azər Nağıyev bildirir ki, pulların mühafizə elementləri iki cür olur:

 

"Gözlə görünən mühafizə elementinə əsasən pulun nominalını göstərən rəqəmlər, bir də pulun mühafizə lenti daxildir. Nominal pulun dəyərini bildirən rəqəmdir. Məsələn, 1 manat, 5 manat. Görürük ki, pulun üzərində həm hərflə yazılıb, həm də rəqəmlə yazılıb. O, əgər rəqəmlə olsaydı, onda onun yanına başqa rəqəm əlavə etmək olardı.

 

Bir də var gizli mühafizə elementləri. Bu elementlər müxtəlif aparatlar vasitəsilə, əsasən də ultrabənövşəyi şüalar altında görülür. Bir sıra mühafizə elementləri var ki, onları işığa tutanda görmək olur. Onlara su nişanları deyirlər. Bizim müasir əsginaslarımızda su nişanları fərqlidir. 1992-1993-cü illərdə su nişanları 3 ədəd alov işarəsi idi. Sonrakı 10 min manatlıq əsginaslarda isə AMB (Azərbaycan Milli Bankı) yazısından istifadə olunub".

 

Azər Nağıyev onu da qeyd edib ki, 1994-cü ildə çap olunmuş 10.000 manatlıq  əsginaslarda pulun mühafizə elementi daha da gücləndirilib.

 

"Mühafizə lenti əsginasın içində idi, onu adi gözlə görmək mümkün deyildi. Belə əsginaslara 1994-cü ildə çap olunan 10000 manatlıq əsginasın yalnız AA seriyasında və AB seriyasının çox cüzi hissəsində rast gəlmək mümkün idi.  Daha sonra çap olunmuş AB seriyalı əsginaslarda isə lent əsginasın çölündə göründü".

 

Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir. 1992-ci ildə çap edilmiş 1, 10 və 250 manatlıq əsginaslar sadə dizayna malik idi. Üz tərəfində "Qız qalası", arxa tərəfində isə milli ornamentlərlə haşiyələnmiş və "Azərbaycan Milli Bankı" sözləri çap olunmuşdu. 1993-cü ildə Milli Bank 1, 5, 50, 100, 500 və 1000 manat nominallı əsginasları çap etdirərək dövriyyəyə buraxdı. Bu zaman 1 və 10 manatlıq əsginasların təsvirləri dəyişdirilərək 5, 50 və 100 manatlıq əsginaslarla uyğunlaşdırıldı. 500 manat nominallı pul vahidinin üz tərəfində dahi Azərbaycan şairi Nizami Gəncəvinin, 1000 manatlıq nominalda olan əsginasların üzərində isə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin portreti verildi.

 

Hazırda dövriyyədə olan manatın dizaynı isə avronun dizaynı ilə oxşardır. Müəllifi Avstriyanın “OeBS” şirkətinin dizayneri, avro əsginasların dizayn müsabiqəsinin qalibi Robert Kalinadır. Yeni Azərbaycan manatının dizaynı mədəniyyət, yazı və ədəbiyyat, tarix, təhsil, Qarabağ və  iqtisadiyyat mövzularına həsr olunub.

 

Azər Nağıyev hesab edir ki, manatın dizaynının dəyişməsi zərurəti onun mühafizəsi ilə əlaqədar olub:

 

"Həm pullar köhnəlir, həm onların mühafizə elementləri ilə bağlı yeni məsələlər ortaya çıxır. Artıq köhnə əsginaslarda yeni mühafizə elementlərini  yerləşdirmək çətinləşir. Buna görə də yeni dizayna ehtiyac yaranır".

 

Kolleksiyaçılar üçün Milli Bank tərəfindən emissiya edilmiş pullar daha dəyərli hesab olunur.

 

"Bizim bu gün istifadə etdiyimiz pullar 2005-ci ildə çap olunmağa başladı və həmin pullar bir manatlıq 5, 10, 20, 50 və 100 manatlıqlar idi. 1 manatlıqların həmin dövrdə 3 seriyası A, B, C  seriyası sifariş olundu. Lakin C seriyası tam sifariş olunmadı. Daha sonra referendumla Milli Bankın adı Mərkəzi Bank oldu. Və Mərkəzi  Bank olandan sonra nominalın üzərindəki “Azərbaycan Milli Bankı” sözü “Azərbaycan Mərkəzi Bankı” sözü ilə əvəzləndi.  Mərkəzi Bank yazılan pullar asan tapılır. Milli Bank olanlar isə az tapılır.  Ümumiyyətlə  həmin dövrə aid olan A və B seriyalar az tapıldığı üçün kolleksiyaçılar üçün nisbətən dəyərlidir. O cümlədən 5 və 10 manat A seriyalar daha dəyərlidir".

 

 "Specimen" əsginasları da kolleksiyaçılar üçün dəyərli hesab edilir.

 

"Bəzən biz görürük ki, əsginasda hansısa A seriyada bütün rəqəmlər sıfırdır. Bəzən bu pulların üzərində "specimen", yaxud "nümunə"  sözləri yazılır. Bu pul kimi istifadə olunan tədavül vasitəsi deyil. Bunlar yalnız pulun nümunəsidir. “Specimenlər” xüsusi olaraq maliyyə təşkilatları, beynəlxalq xarici banklar  üçün çap olunan nümunələrdir. Məqsəd isə odur ki, həmin o maliyyə qurumları pulun saxta olub olmamasını ayıra bilsinlər".

 

Bir məqama da toxunaq. Hazırda Azərbaycan kolleksiyaçıları arasında getdikcə populyarlaşan əsginas 1919-1920-ci illərdə çap olunmuş pullardır. Bu maraq həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı daha da artıb. Cümhuriyyət dövrünün pulları haqqında daha geniş növbəti reportajımızda danışacağıq.

 

Cibiniz dolu olsun!

X

XƏBƏRLƏR
BÖYÜT