Suriyaya raket zərbələri: mesaj kimə verilib - Türkiyəyə, Rusiyaya, yoxsa İrana?
12:37 – 17 Aprel, 2018

ABŞ, Britaniya və Fransadan ibarət koalisiya Suriya ərazisindəki obyektlərə ağır zərbələr endirdi. Zərbələrin kimyəvi silah istehsal olunan məxfi obyektlərə endirildiyi iddia olunur. Aparıcı dövlətlərin bu hücumlara reaksiyaları fərqlidir. Əsədi dəstəkləyən ölkələr Donald Trampın təşəbbüsünü pisləyir, Qərb dövlətləri və Körfəz ölkələri hava zərbələrinə dəstək verir. Uzun fasilədən sonra ilk dəfə Suriya münaqişəsində İsrail də səhnəyə çıxıb. Son bir həftədə İsrail döyüş təyyarələri Suriya ərazisini iki dəfə bombalayıblar. Beləliklə Suriyada münaqişənin yeni, daha qanlı mərhələsi başlaya bilər. Suriyaya zərbələrin endirilməsi ilə kimə mesaj verildi? APA TV-nin "Panoram" layihəsinin növbəti buraxılışında bölgədə baş verən hadisələr müzakirə edilib.

 

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini, siyasət üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy ABŞ-ın Suriyaya zərbələrinin amillərindən danışıb: "Kimyəvi silah məsələsi bir neçə baxımdan şübhəli məsələdir. İŞİD amili Amerikanın regiona daha güclü yerləşməsi üçün əhəmiyyətli bəhanələrdən biri oldu. Məsələyə bu konteksdə baxmaq lazımdır. PYD amili də bu prosesdə ciddi bir problem yaşadı".  Ekspert İran amilinin aktuallaşmasını da istisna etməyib: "Məncə orta yol tapılıb: İrana dərs verək, amma Suriya üzərindən. Amerikanın, Fransanın və İngiltərənin müdaxiləsində İrana zərər verəcək hədəf olmadı, amma İsraildə vardı".

 

Nazim Cəfərsoy deyib ki, qlobal vizyonda amerikan üstünlüyünü davam etdirmək üçün ən başlıca amil Çin amilidir: "Ağırlıqlı konteks Obama dövründə olduğu kimi əməkdaşlıq yolu ilə Çini sistemin içərisinə çəkmək, sistemin parçasına çevirmək şəklindədir".

 

N.Cəfərli Türkiyə məsələsinə də toxunub. O deyib ki, Türkiyə hazırda regionda real xətti izləməkdədir: "Amerika PYD məsələsini bir az geri plana atır, amma vaz keçmir. Amma əsas mənbəni - Türkiyə ilə ortaqlığı Əsəd üzərindən yaratmağa çalışırlar". Politoloq hesab edir ki, Qərb PYD məsələsinə  Türkiyənin maraqları çərçivəsindən yenidən baxacaq.

 

"Panoram" layihəsinin növbəti buraxılışını tam www.apa.tv saytından izləyə bilərsiniz.

X

XƏBƏRLƏR
BÖYÜT