Bakının "Qanlı göl" əfsanəsi bitir - REPORTAJ
13:41 – 17 Aprel, 2018

Bakının Yasamal rayon ərazisində çox məşhur olan bir göl var. "Qanlı göl" adlanan bu ərazi ətrafında yaşayanların müraciəti əsasında ora yollandıq.

 

Ərazidə üfunət qoxusundan gördüklərimizi lentə almaqda belə çətinlik çəkirdik. Sakinlər artıq bu qoxu ilə mübarizə aparmaqdan cana doyduqlarını bildirirdilər. Bizi özləri dəvət etsələr də, bu günədək səslərinə səs verən olmadığından müsahibədən imtina etdilər. Görünən dağa bələdçi lazım olmaz, dedilər.

 

Beləcə, gəlib çatdıq "Qanlı göl"ün dəmir hasara alınmış ərazisinə.

 

Hasara alınmış ərazidə sadə evlərlə yanaşı, villalar salınıb. Böyük bir sahədə isə kompleks şəkildə tikililər inşa olunub. İlk baxışdan idman kompleksini və yaxud hansısa zavod üçün inşa olunduğu güman edilən tikililərin hansı profil üzrə salındığını ayırd etmək çətindir. Odur ki, inşaat işlərinin hansı şirkət tərəfindən aparıldığı və nəticənin nə olacağı ilə maraqlandıq. Lakin əraziyə nəzarət edən mühafizə xidmətinin əməkdaşı bu barədə hər hansı açıqlama vermək istəmədiklərini dedi.

 

Yalnız onu öyrənə bildik ki, ərazidəki su gölməçəsi artıq iki ildir qurudulub və burada irimiqyaslı tikinti işlərinə başlanılıb. Ərazinin bir qismində isə 15 ildən çoxdur ki, inşaat işləri aparılır və nəticənin nə olacağını çoxları bilmir.

 

Sakinlər Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağı məsləhət görsələr də, meriyanın mətbuat xidmətindən dedilər ki, bu barədə bilgini yalnız Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən əldə edə bilərik.

 

Komitədən öyrəndik ki, hələ 1980-ci illərin əvvəllərində "Bakıdövlətlayihə" İnstitutunda paytaxtın Yasamal rayonu ərazisində "Qanlı göl" ətrafında min hektarlıq sahədə salınacaq yaşayış massivinin layihəsi hazırlanıbmış. Həmçinin ərazidə müasir memarlıq üslubunda yaşayış məhəllələrinin tikintisini nəzərdə tutulubmuş. Layihənin son variantına görə, burada salınacaq 1 milyon 800 kvadrat metrlik yaşayış sahəsində təqribən 120 min nəfər əhali yerləşdirilməli idi. Bundan əlavə, ərazidə yaşıllıqlar, park və xiyabanlar salınması, "Qanlı göl"ün ətrafında ekzotik istirahət zonaları, ictimai-mədəni komplekslər, hətta universitet şəhərciyinin salınması da nəzərdə tutulubmuş.

 

Amma görünən odur ki, layihə hələ də gerçəkləşməyib.

 

Bundan başqa, qəsəbənin içərisinə giriş yolu belə yoxdur. Yollar sakinlərin öz hesabına aldıqları çınqıldan və sarı torpaqdan ibarətdir ki, azacıq yağış yağanda da bu ərazi keçilməz olur.

 

Ötən əsrin 90-cı illərinin əvvəllərindən bu ərazidə Kəlbəcər, Laçın və Cəbrayıldan olan məcburi köçkünlər məskunlaşıb. Həmin şəxslər əvvəllər yataqxanalarda yerləşdiriliblər, sonradan öz mənzil şəraitlərini yaxşılaşdırmaq məqsədilə bu əraziyə köçüblər.

 

Qəsəbə sakinləri deyir ki, bir çox sakinin burada yaşayış üçün qeydiyyatı mövcuddur. Vətəndaşlar evlərin qeydiyyatını gerçəkləşdirmək üçün dövlət qurumlarına dəfələrlə müraciət etsələr də, bir nəticə olmayıb. Ərazinin əhalisi artdıqca kommunal xərclərə kimi ödənilib.

 

Məsələyə münasibət bildirən Yasamal rayon İcra Hakimiyyəti başçısının I müavini, Köçürmə üzrə işçi komissiyanın sədri Səməd İslamov bildirdi ki, ümumilikdə “Qanlı göl” ərazisi 219 hektar təşkil edir. “Qanlı göl” ün cənub və cənub-qərb hissəsindəki ərazidə  hələ 1996-cı ildə məcburi  köçkün  ailələri  məskunlaşıb. 2014-cü ilin sonlarında Qaçqınların və  Məcburi  Köçkünlərin  İşləri üzrə Dövlət Komitəsi  və Yasamal rayon İcra Hakimiyyəti tərəfindən Badamdar istiqamətində olan ərazidə məskunlaşmış 300-ə  yaxın  məcburi köçkün ailələrinin  köçürülməsi təmin edilib. Bu ailələrin hamısı şəhərin müxtəlif yerlərində rahat şəraitli mənzillərlə tam təmin olunub:

 

“Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi ilə əlaqədar qeyd edilən ərazi də daxil olmaqla gələcəkdə burada yeni istirahət sağlamlıq kompleksi inşa olunacaq. Layihə Avropanın tanınmış  memarları tərəfindən hazırlanıb. “Qanlı göl” adlanan ərazinin digər, şimal və şimal-qərb hissəsində, Yasamal rayonu, Xarici Dairəvi Avtomobil yolunun kənarında yerləşən ərazi isə vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən güzəştli mənzillərin inşası üçün seçilib. Vətəndaşların əlverişli şərtlərlə əldə edəcəyi mənzillərin yerləşəcəyi ərazinin sahəsi 11,6 hektardır”.

 

S.İslamov qeyd edib ki, ilkin hesablamalara görə, salınacaq şəhərcikdə 2 minə yaxın mənzil tikiləcək.

X

XƏBƏRLƏR
BÖYÜT