Məleykə Abbaszadə: "Dövlət orqanlarında rəhbər vəzifələr üzrə xeyli vakant yer var"
14:01 – 17 Aprel, 2018

Bu il ölkədə keçirilən dövlət qulluğu imtahanlarında kifayət qədər, yəni 3000-dən çox insan iştirak edib. Lakin A inzibati rəhbər vəzifələri üçün olan imtahanlara çox az iddiaçı qatılıb.

 

APA TV-nin xəbərinə görə, bunu rəhbər vəzifələrə ilk dəfə qəbul olmuş dövlət qulluqçuları üçün seminarda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib: "Mən bilmirəm rəhbər vəzifələrə aid olan imtahanlarda nə üçün az namizəd iştirak edir. Yəqin ki, onlar özlərində lider kimi özlərini görmürlər".

 

Məleykə Abbaszadə müsabiqədə iştirak edənlərin hansı səbəbdən uğur qazana bilmədiklərini də açıqlayıb: "Hətta sertifikat əldə edən şəxslər də uğur qazana bilmirlər müsabiqələrdə. Bizim apardığımız təhlil onu göstərir ki, bir növ məsuliyyətsiz yanaşma nümayiş olunur. Bir insan 20 müsahibəyə yazılır. Heç birinə hazır olmur, heç biri ilə əlaqədar açıb proqramı oxumur, müsabiqə hansı sahədədir. Elə belə işə düzəlim, orda da gedim görüm nə deyirlər".

 

Son vaxtlar dövlət qulluğuna qəbul imtahanlarında 4000-ə yaxın namizədin iştirak etdiyini vurğulayan DİM sədri bildirib ki, hazırda dövlət orqanlarında rəhbər vəzifələr üzrə kifayət qədər vakant yer var. Onun sözlərinə görə, müsabiqə yolu ilə dövlət qulluğunda aşağı - məsləhətçi vəzifəsinə qəbul edilən namizədlərdən 32 nəfəri şöbə müdiri, 32 nəfəri şöbə müdirinin müavini vəzifəsinə, 138 nəfər isə sektor müdiri vəzifəsinə yüksəlib.

 

M.Abbaszadə qeyd edib ki, gələcəkdə buraxılış imtahanlarının nəticələrinin ən azı 2 il qüvvədə olması nəzərdə tutulur: "Keçən il, misal üçün, rus bölməsində Azərbaycan dilindən imtahan verib müsbət nəticə əldə edib, qəbul imtahanında heç yerə qəbul olmayan uşaqlar bu il Azərbaycan dili imtahanına yazılanda, biz keçən ilki imtahanın nəticəsini qəbul edirik. O imtahanın nəticəsi iki il qüvvədədir. Buraxılış imtahanının nəticələrini də biz nəzərdə tuturuq bu ildən yox, gələcəkdə ən azı iki il qüvvədə olsun".   

 

DİM sədri əlavə edib ki, əvvəlki illərin məzunları bir neçə ildən sonra qəbul imtahanında iştirak etmək istəyirlərsə, öz biliklərini təkmilləşdirməli, həmin ilin tədris proqramları ilə tanış olmalıdırlar. Gələcəkdə ali məktəblərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları cari ilin məzunları kimi iki mərhələli - buraxılış və qəbul imtahanlarında iştirak edəcəklər.

 

X

XƏBƏRLƏR
BÖYÜT