Kapitan Qurbanovun “Dönüş”ü - TƏQDİMAT
16:10 – 17 Aprel, 2018

Bu gün Nizami Kino Mərkəzində Qarabağ müharibəsi veteranı, yüzlərlə Qarabağ döyüşçüsünün həyatını xilas etmiş hərbi həkim, tibb xidməti kapitanı İmran Qurbanov haqqında çəkilən “Dönüş” filminin təqdimatı olub.

 

APA TV-nin xəbərinə görə, ssenarisi Orxan Fikrətoğluna məxsus filmin rejissoru Rüfət Əsədov, ideya müəllifi Rüstəm Dastanoğludur.

 

Filmdə İmran Qurbanovun həyat yolu, könüllü hərbi həkim kimi döyüşlərdə iştirakı, xüsusilə də Qarabağ müharibəsi zamanı rəhbərlik etdiyi tibb bölüyünün Ağdərə, Kəlbəcər, Laçın və Murovda gedən döyüşlər zamanı fəaliyyəti əks olunub.

 

İmran Qurbanov bildirib ki, bu gün Azərbaycan Ordusu xeyli inkişaf edib: "Artıq ordumuz istər təchizat cəhətdən, istər hərbi hazırlıq cəhətdən, istərsə də siyasi və hərbi rəhbərlik cəhətdən çox yüksək inkişaf yolu keçib. Bu gün düşmənə istənilən cavabı verməyə hazırdır, torpaqlarımızı yağı düşmənlərdən azad etməyə qadirdir. İki il bundan qabaq olan aprel döyüşləri də bunu bir daha sübut etdi".

 

Filmin rejissoru Rüfət Əsədov deyib ki, çəkilişlər Bakıda və Murovda baş tutub: "Hətta biz yayda ora çox çətinliklə qalxdıq. Orada adam düşünürdü ki, müharibə dövründə qar-boran içərisində xəstələrin gedib-gəlməsini təsəvvür etmək çox çətindir. Tədricən sonra bu işin içinə daxil olduqca mən gördüm ki, biz hərdən qəhrəmanı kənarda axtarırıq, baxmayaraq ki, hər gün görüşdüyün insanlar sənin ətrafındadır. Film çəkilişləri hardasa 5-6 ay çəkdi".

 

“Dönüş”ün ssenari müəllifi, yazıçı Orxan Fikrətoğlu bildirib ki, filmin ssenarisi çox tez bir zamanda ərsəyə gəlib: "Sənədli film nəzəriyyəsinə görə, qəhrəman mütləq həmən vəziyyətə qaytarılmalıdır. Düşdüyü vəziyyətdə o anları bir daha yaşamalıdır. Və bu yaşantılar nə qədər emosional olarsa, tamaşaçılara da bir o qədər sirayət edir. Mən də nəzəriyyəyə uyğun olaraq bu ssenarini yazdım, özü də çox tez yazdım. Çünki mənə çox yaxın mövzudur. Mən özüm də müharibəni görmüşəm və bu kontekstdə qəhrəmanım mənə çox yaxın idi".

 

Film izləyicilərin böyük marağına səbəb olub, alqışlarla qarşılanıb.

 

X

XƏBƏRLƏR
BÖYÜT