Hemofiliya xəstələrinin sayı niyə artır?
17:42 – 18 Aprel, 2018

Aprelin 17-də dünyanın 120-dən çox ölkəsində hemofiliya günü  qeyd olundu. Statistikaya görə Azərbaycan hemofiliyalı xəstələrin sayı günü-gündən artmaqdadır. APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında hemofiliya xəstələrinin müalicə yollarından, maarifləndirmə səviyyəsindən danışılıb.   

 

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova deyib ki, uşaq doğulanda onda hemofiliya əlamətləri özünü büruzə vermir: "Amma uşaq hərəkət etdikcə, artıq cüzi zədədən bədəndə göyərmələr baş verirsə, artıq həyəcan təbili çalmaq lazımdır. Hemofiliyalı insanlar əlil də ola bilərlər, həyatlarını dəyişə də bilərlər". G.Hüseynova deyib ki, ölkəmizdə 1548 xəstə hemofiliyadan əziyyət çəkir, həmçinin hər il 40-50 xəstə qeydiyyatdan keçir: "Pediatrlar şübhəli qansızmalar gördükdə, xəstə uşaqları hemofiliya mərkəzinə yönləndirirlər".

 

Hemofiliyanın irsi xəstəlik olduğunu deyən G.Hüseynovanın sözlərinə görə 50% ehtimal var ki, daşıyıcı qadının övladı sağlam olsun: "Bu püşkatma kimi bir şeydir. Bilə bilməzsən ki, uşaq ana bətnində sağlamdır, yoxsa xəstədir". Gülnarə Hüseynova deyib ki, qansızmalarla müşahidə edilən hemofiliya xəstəliyində yaş məhdudiyyəti yoxdur: "Doğuş zamanı uşaq zədə alıb və bu böyük bir gematomaya çevrilibsə, bu artıq qan xəstəliyidir".

 

Gülnarə Hüseynova deyib ki, hemofiliyalı xəstələrin dərman təminatı 2006-cı ildən dövlət hesabına aparılır: "Hepatitlərə qarşı dərman preparatları çox bahalıdır,  amma yenə də hər vətəndaş onu öz cibindən ala bilməz. Ona görə də biz təklif hazırlamışıq ki, dövlət proqramı çərçivəsində bu dərmanlar da alınsın". G.Hüseynova həmçinin hemofiliyalı insanların cəmiyyətə inteqrasiyasında danışıb. O deyib ki, hemofiliyalı xəstələrin yüngül idman növləri ilə məşğul olmalarına heç bir məhdudiyyət yoxdur.   

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.   

X

XƏBƏRLƏR
BÖYÜT