Yeni tədris ilinə nə ilə gedirik? - MÜZAKİRƏ
16:08 – 19 Aprel, 2018

Artıq 2018-2019-cu tədris ilinə hazırlıqlar başlayıb. Yeni dərs ilində uşaqların qeydiyyatı davam edir. Prosesdə hansı problemlər müşahidə edilir? Yeniliklər varmı? APA TV-nin “İlham Tumasla 40 dəqiqə” layihəsinin növbəti buraxılışında bu və digər məsələlər müzakirə edilib.

Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri Bəşarət Məmmədov deyib ki, elektron qeydiyyatla yanaşı təkcə Bakı şəhərində 6 alternativ qəbul mərkəzi var. O deyib ki, elektron qeydiyyatla yanaşı rəmi müraciət bölməsi yaradılıb: “Vətəndaş yazanda ki, mənim iki övladım həmin məktəbdə oxuyur, artıq onun üçüncü övladının orada oxuması təmin edilir. Qeydiyyatdan keçən adama heç bir halda direktor deyə bilməz ki, burada oxuya bilməzsən”. 

Əməkdar müəllim  Asif Cahangirov hesab edir ki, birinci sinfə hər hansı sınaq imtahanının keçirilməsi düzgün deyil: “Süni maneələr törətməyə heç bir ehtiyac yoxdur”. A.Cahangirov hesab edir ki, elektron qeydiyyatdan öncə təhsilin keyfiyyəti qaldırılmalıdır.

Təhsil eksperti Kamran Əsədov deyib ki, müraciətlərin çoxluğu səbəbindən fevral ayının 22-də sistem fəaliyyətə başlayan kimi donmalar müşahidə edildi: “Mərkəzi rayonlarda məlumatlı valideynlər, internetə çıxışı olan valideynlər bütün yerləri tutdular”.  Ekspertin sözlərinə görə elektron qeydiyyatın aparılmadığı məktəblərdə bəzi direktorlar neqativ hallara yol verirlər.  Ekspert litsey və gimzaniyalara da toxunub. “Kimsə yaşayır Xətai rayonunda, gəlkib gimnaziyada qeydiyyatdan keçmək istəyir. Bu, həmin ərazidə yaşayan valideynin hüququnun tapdanmasıdır” - Kamran Əsədov belə deyib. K.Əsədovun sözlərinə görə Azərbaycanda məktəb çatışmazlığı yoxdur.

Təhsil eksperti Etibar Əliyevin sözlərinə görə yaxşı məktəblərin mütəmadi olaraq təbliğ edilməsinə baxmayaraq, digər məktəblərin təbliğatı aparılmır: “Nə ehtiyac var ibtidai təhsil alan uşaqları şəhərin bu başından o başına daşımaq? Onun üçün gərək ibtidai təhsil müəlliminin dərsinə nəzarəti təşkil edək ki, bu mərhələdə təhsilin keyfiyyəti qalxsın”.  

“İlham Tumasla 40 dəqiqə” layihəsinin növbəti buraxılışını tam olaraq  www.apa.tv saytından izləyə bilərsiniz.

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT