Namazı dəyişdirib, rükunu ləğv edən ilahiyyatçı ilə DEBAT
11:12 – 20 Aprel, 2018

Yeni namaz cədvəli ənənəvi namazdan nə ilə fərqlənir?

İlahiyyatçı nə üçün rükunu ləğv edib?

Namazın qılınma qaydalarını dəyişdirmək olarmı?

Namaz islamın gətirdiyi ibadət deyil?

 

“Namaz islamın vacib buyurduğu əməllərdən biridir. Bu barədə “Qurani-Kərim”də bir çox ayə var. Müqəddəs kitabımızda ibadətin hökmü və əhəmiyyəti ilə bağlı  yetərincə məlumat tapmaq olar. Lakin namazın qılınma qaydalarını ətraflı şəkildə ancaq hədislərdən öyrənə bilərik. Çünki ibadətin geniş təfərrüatı ayələrdə gəlməyib”.

 

APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Fazil Əhmədli “Yaşıl orta” verilişində deyib. Namazın müzakirə olunduğu debatda digər ilahiyyatçı Ramil Rəcəb də iştirak edib. Hər iki qonaq mövzu ilə bağlı fikirlərini bölüşüb. F.Əhmədli bildirib ki, hər ilahiyyatçı “Qurani-Kərim”ə əsaslanaraq özündən yeni namaz qaydaları tərtib edə bilməz: “Əvvəla onu deyim ki, bu çox ciddi məsuliyyət tələb edən işdir. Belə bir məsələdə ancaq uzun illər elmlə məşğul olan alimlər hökm çıxara bilər. Əsrlərdir müsəlmanlar namaz qılır və bu ibadətin qəbul olunmuş bir qaydası var. Bu qaydalara dəyişiklik etmək olmaz. Dinə görə hər yenilik bidət, hər bidət isə cəhənnəm odudur. Kim ənənəvi namazı dəyişdirib, özü bildiyi kimi qılsa  bidət sayılır”.

 

İlahiyyatçı həmçinin qeyd edib ki, müsəlmanlar namazı peyğəmbərin qıldığı kimi  icra edirlər: “ Allah rəsulu necə qılıbsa, müsəlmanlar da ona baxıb elə qılıb və bu ənənə nəsildən nəslə ötürülərək bu günümüzədək gəlib çıxıb. Namazın qaydalarını isə Allahın buyruğu ilə peyğəmbərimiz müəyyən edib və insanlara öyrədib. Heç bir ilahiyyatçı bu qaydalara müdaxilə edə bilməz. Belə bir cəhd şeytan əməlidir”.

 

Digər ilahiyyatçı Ramil Rəcəb isə namazı nə üçün dəyişdirdiyini izah edib: “Mən hesab edirəm ki, bilinən namaz qaydalarında artıq ritullar var. Onları çıxarıb, hər iki məzəbin elementlərini özündə ehtiva edən yeni bir namaz qaydalarını tərtib etmişəm. Məsələn, mənim hazırladığım namaz cədvəlində rüku yoxdur, bunu çıxarmışam. Çünki müsəlman Allahın qarşısında sadəcə səcdə şəklində tam əyilməlidir. Yarımçıq əyilmək, yəni rüku doğru deyil. İbadət fərdi əməldir və düşünürəm ki, müsəlman qıldığı namazı dəyişdirə bilər. Buna kimsənin qarışmağa haqqı yoxdur”.

X

XƏBƏRLƏR
BÖYÜT