“Savalan” qrupunun rəhbəri Novruz Novruzlu: “Auditoriyamız çoxdur, bizi sevənlərin pulu yoxdur”
18:07 – 20 Aprel, 2018

İlahi musiqi ifaçısı, Opera və Balet Teatrının solisti Novruz Novruzlunun APA TV-nin “Sözün kodu” verilişinə müsahibəsi



- Novruz müəllim, kitab sizin üçün nədir, bizim cəmiyyətdə kitaba maraq hansı səviyyədədir?

 

- Hər bir insanın formalaşmasında, həyatının yönünü müəyyən etməsində kitab çox vacib amildir. Kitabın verdiyi təcrübə, kitabın verdiyi intellekti heç nə əvəz edə bilməz. Əvvəllər çox oxuyardım. “Səfillər”dən sonra isə bir müddət kitab oxumadım.

 

- Səbəb nə idi?

 

- Heç bir kitab onun ətrini vermədi, ona görə. Əslində, Jal Valjan təsəvvüf adamıdır. Axırda çox yüksək məqama çatır. Onun yüksək insani məqamı çox təsirlidir. Ona görə kitab oxumaq həyatda irəli addım atmaq düşüncəsində olan adam üçün çox vacibdir.

 

- Nə vaxtdan kitab oxumağa başlamısınız?

 

- Uşaqlıqda çox kitablar oxumuşam. İnsan bir qədər yaşlaşdıqdan sonra yol irəli də getsə, eniş başlayır. Torpaqdan yarandığımıza görə torpağı daha doğma hiss edirik. İnsan özünü anlamaq, dərk etmək cəhətdən mənəvi köklərə bağlı kitabları daha çox oxuyur. Məsələn, mən axır vaxtlar Şəms həzrətlərinin kitablarını oxuyuram. Onun kitabları Türkiyədə daha çox çap olunur.

 

- “Savalan” qrupundan danışaq. Necə oldu bu qrup yarandı?

 

- Kiminsə haqqını yemək olmaz. Bu qrupun yaranmasında İsaq Ozanoğlunun böyük rolu olub. Onda qrupda on nəfər adam vardı. Sonra həmin qrup dağıldı. 20 Yanvardan sonra 3-4 nəfər yığışıb acıları musiqi ilə hiss etmək üçün mahnılar oxuyurduq. Getdikcə qəzetlər maraqlandı, televiziyalar çəkdi və gəlib oldu qrup. “Savalan” qrupu bizə çox əzizdir. Çünki bizi bizə anladır.

 

- Qrup hansı vaxtdan sonra daha çox populyarlıq qazandı?

 

- 2000-ci ildən sonra. Bir neçə dəfə efirdə göründük, sonra Hollandiyada çıxış etdik. Daha sonra Pakistanda çox möhtəşəm qarşılandıq. Musiqi işi elədir ki, səmimi olmasan, insanlara toxuna bilməzsən. Musiqi böyük sirdir. Bizim niyyətimiz düzgün olduğuna görə qrup düşünmədiyimiz yerə çatdı. Qrupun arxasında heç kim yoxdur. Nazirlikdən də dəstək olmayıb. Bütün təkliflər şəxsi dəvət kimi olub. Hara getmişiksə, hörmətlə qarşılanmışıq. Ötən il Türkiyədə iki dəfə konsert verdik. Biri Şah İsmayıl Xətai, o biri isə hörmətli şairimiz Sabir Rüstəmxanlı ilə bağlı idi. Sabir müəllim bizim qrupu çox istəyir, ona görə istədi ki, onun şeirlərindən ibarət 45 dəqiqəlik kompozisiya olsun. Çox möhtəşəm də tədbir oldu. Bizi bir çox qastrollara dəvət ediblər, gedə bilməmişik. Çünki maddi problem var.

 

- Yəni böyük pullar tələb olunur...

 

- Yox, elə böyük pul da lazım deyil. Sadəcə, dəstək olmur və gedə bilmirik. O yerlərə gedirik ki, bilet hazır olur, qalmaq problemi olmur və qonorar ödənilir. Qonorar vacibdir. Mən toy mühitini götürə bilmirəm. Musiqiçilərə və toyda oxuyanlara yazığım gəlir. Mən musiqi adamıyam, toydan çıxandan sonra səs-küydən iki gün özümə gələ bilmirəm. Musiqi zövq verməlidir. Toyda isə zövqdən başqa nə desən, var. O yerdə ki bizə dəyər verirlər, o toya gedirik. Dəyər olmayan yerdə pulun miqdarı nə qədər olsa, ora getmirik.

 

- Xaricdə yaşamaq və işləmək üçün təkliflər olubmu?

 

- Çox olub. Amma yaşamaram. Biz torpağa çox bağlı insanlarıq. Bu çox gözəl hissdir. Amerikadan, Türkiyədən çox təkliflər olub. Getməmişəm. Səfərlər vaxtı bir neçə gün qalmışam, sonra vətən çəkib, darıxıb qayıtmışam.

 

- Müsahibələrinizdən birində demisiniz ki, təsəvvüf musiqisinə tələbat daha çox Avropa ölkələri və Amerikadadır. Belə əsaslandırmısınız ki, o ölkələrdə insanlar hər şeyi dadıblar, bir az da özləri ilə baş-başa qalmaq zərurəti hiss edirlər...

 

- Elədir. Bizim millət çox gözəl millətdir. Çox acılar yaşamışıq. Avropada bu musiqinin sevilməyinin səbəbi odur ki, onlar çox oxuyurlar. İntellektləri yüksəkdir. Heç nəyə kor-koranə yanaşmırlar. Mel Gibson böyük rejissordur, qatı xristian idi. Oxudu və gördü ki, haqq Quranda imiş. İndi deyir, nə etsəniz, İslamın qarşısını kəsə bilməzsiniz, çünki dünyanın nicatı İslamdadır. Yəni onlarda intellekt o qədər yüksəkdir ki, bizim içində olduğumuz texnikadan yoruldular və başladılar özlərini axtarmağa. Məni Amerikaya dəvət etdilər. Dedilər, təkcə dəfini götür gəl, nə etsən, qəbul edəcəklər.

 

- Bəs Şərq ölkələrində maraq necədir?

 

- Əslində, təsəvvüf yaşam sistemidir. Mən çox böyük bir insanla görüşdüm, dedi, insanı bütün dünyaları gəzdir, çatacağı yer boğazından mədəsinə qədər olan bir qarış məsafədir. İnsan doğulandan öz-özünü axtarır. Bütün kitablar, təcrübələr vasitədir. Hər şey insanın özündədir.

 

- İnsan nə vaxtdan başlayaraq öz-özünü axtarır?

 

- Allahın lütfü olarsa, bir anda insanın dünyası dəyişə bilər. Deyir, sevmək oxşamaqdır. Əsas sevmək və istəməkdir. Əgər insanın başı daşa dəyəndən sonra özünü və dünyanı anlayırsa, o da gec deyil. İnsan var ki, həyata bomboş gəlir, bomboş gedir. Nəsibində bir şey olmur. Çünki deyir, axtardığını bilməyən, tapdığını anlamaz. Gərək axtardığının fərqində olasan, yanasan.

 

- Sizi daha çox ilahi və təsəvvüf musiqilərin ifaçısı kimi təqdim edirlər. Bu sizin fəaliyyətinizi bir qədər məhdudlaşdırmaq deyilmi?

 

- Elədir. İnstituta əsasən italyan repertuarı oxumuşam. Müəllimim deyərdi ki, sənin səsinin tembri çox güclüdür. İlahi musiqidən sonra italyan, sonra Hind musiqisi oxudum. Təəccübləndilər. Vaxtilə mükəmməl şəkildə Hind musiqisi oxumuşam. Çünki yoqa ilə məşğul olurdum. Bununla yanaşı institutda oxuyanda Əsgər və Sərvər obrazlarında çıxış etmişəm.

 

- Sizi Opera və Balet Teatrının solisti kimi təqdim edəndə etiraz etmisiniz ki, mən solist yox, aktyoram...

 

- Bəli, elədir. İnstitutu bitirəndə Opera Teatrına solist kimi götürüldüm. Sonra sənətdən kənar düşdüm və aktyor kimi çalışdım. Mən özümü var olaraq qrupda görürəm. Yəni orada daha bütöv oluram.

 

- Pedaqoji fəaliyyətlə niyə məşğul deyilsiniz?

 

- Biz özümüz öyrənirik. Bildiyimi ehtiyac hiss edən adamlarla bölüşürəm. Amma müəllim kimi dəvət ediblər. Yenə deyirəm, mən hələ öyrənirəm. Sənətdə tələbəyəm.

 

- Azərbaycan təsəvvüf musiqisini kimlər öyrədir?

 

- Təsəvvüf musiqisi intellektə bağlıdır. Xalq artistləri bizim qrupda oxumaq istəyib, sonra deyiblər, biz oralıq deyilik. Nəyə görə? Təsəvvüf musiqisi üçün təkcə səs bəs etmir. Bu musiqidə səs bir vasitədir. Vacib olan insanının içi və intellektidir. Məsələn, Türkiyədəki İlahi qruplar hansısa sağlam təriqətə bağlıdır. Təəssüf ki, bu gün qeyri-sağlam təriqətlərin sayı çoxdur. Bu yaxınlarda vəzifəli bir dostuma dedim ki, çox istərdim, efirdə İslamı düzgün yöndən göstərən kanallar olsun. Necə olur, Amerika, Avropa İslamla inkişaf edir, bizə isə başqa yöndən təqdim edirlər. Qaranlıq, bulanıq, kin... Mövlana deyir, “Kim olursan ol, yenə gəl”. O, mənə gəl demir, özünə gəl deyir. Çünki insanın özünə olan tövbə qapısı hər an açıqdır. İslam gözəllikdən başqa bir şey deyil. İslam deyir, bir-birinizi sevin, haram yeməyin, qəlb sındırmayın.

 

- Sizi dinləyən adamlar haqqında soruşmaq istəyirəm. Auditoriyanızdan razısınız?

 

- Bizim auditoriya çoxdur, bizi sevənlərin pulu yoxdur. (Gülür). Qrup təzə yarananda tədbirlərə gedirdik və elə hörmət görürdük ki...

 

- Hansı planlarınız var?

 

- Konyada mistik festivala təklif var. Bundan başqa Qırğızıstanda tədbirə dəvət ediblər. Biz sadəcə, işimizi görürük. Səmimi deyim ki, heç nə düşünmürük. Bəzən altı-yeddi saat oxuyuruq. Bəlkə də oxumuruq, zikr edirik. Sevərək məşğul olduğumuza görə, Allah yol açır. İnsan düzgün olanda, əziyyət çəkəndə hökmən bir yol açılır. İnsan işindən zövq almalıdır. Onsuz da insan bütün ömrü boyu özünü axtarır.

 

- Dediniz, yoqa ilə məşğul olursunuz. Nə vaxtdan başlamısınız?

 

- Mən Ordubadda doğulmuşam. Orta məktəbdə oxuyanda həmişə dağa qaçardıq. İnstitut zamanında isə karate və yoqa ilə məşğul olmağa başladıq. Aktyor kimi formada olmaq və sağlam qalmaq üçün bu vacib idi. Sonra yəqin ki, niyyətimiz düzgün olduğuna görə, formadan mənəviyyata keçdi. Forma gəldi gedərdi. Yetmiş ildən sonra yoxsan. Mənəviyyat isə əbədidir.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT