Əllərinin sehri ilə ayaqda duran əlil rəssam... – Həyat Dramı
17:28 – 26 Aprel, 2018

“Adım Ceyhundur, soyadım Ənvərzadə, 24 yaşım var. 1992-ci ildə sentyabrın 12-də Bakıda anadan olmuşam. Əslimiz Qarabağlıdır, Füzuli rayonundan məcburi köçkün kimi Bakıda, Biləcəridə yaşayırıq. Atam II qrup Qarabağ əlilidir”. Gördüyünüz bu oğlanın cəmi 24 yaşı var. Ceyhunu ilk əvvəl “Facebook” sosial şəbəkəsində tanıdım. Uzun zamandır dostluğumda olan Ceyhun adını belə qeyd edib – Gənc Rəssam Ceyhun. İlk əvvəl adı, sonra isə simasındakı məsumluq məni cəlb elədi. Sanki hiss etdim onun ağrı-acısını, bir də fərqli olmasını. Səhifəsini açdım və fotolarına baxanda Ceyhunun əl işlərinə rast gəldim. Ard-arda baxdım dayanmadan. Sonra bir rəsm əsəri çıxdı qarşıma – burulğan içində əlil arabasında oturmuş gənc oğlan təsvir edilmişdi... Növbəti fotoda artıq Ceyhunun özü idi – biri rəsm əsəri, digər həyatda çəkilmiş foto. Bu əsərdə Ceyhun özünü təsvir edibmiş: “Nərimanov rayonunun 276 saylı orta məktəbində təhsil almışam. 11-ci sinfə qədər özüm gedib-gəlmişəm, problemim olmayıb. Məktəbi oxuya-oxuya beş aya yaxın futbolla, sonra 1 il boyunca karate idman növü ilə məşğul oldum. 11-ci sinfi bitirməyə az qalmış ayaqlarımda əsmə başladı. Əvvəllər özüm də hiss etməmişdim ki, belə bir problemim ola bilər. Ayaqlarım tutulmağa doğru gedirdi. Bir çox müalicələr aldım, amma heç birinin müsbət təsiri olmadı”.

 

Gözlənilmədən yaşadığı bu problemlə üzləşən Ceyhun, zamanını bütünlüklə rəssamlığa həsr edir. Ceyhun sevdiyi sənətə peşəkar səviyyədə yiyələnmək üçün təhsil almaq istəyib. Və bu səbəbə də evdə hazırlıq keçməyə başlayıb. Gənc oğlan səhhətindəki problemlərə baxmayaraq, məqsədinə çatmaq üçün var gücü ilə hazırlaşmağa başlayır. O, həyata olan sevgisi, rəssamlığa olan həvəsi ilə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə qəbul olur: “Əzimzadəyə qəbul olunandan sonra 4 il boyunca ora gedib gəldim. Əzimzadəni bitirdim və ondan sonra rəssam Fikrət Cəfərovun Rəsm Qalereyasında dərs almağa başladım. Çox təəssüf ki, ondan cəmi 9 ay dərs almaq imkanım oldu. Sonra rəhmətə getdi. Mən fərdi yaradıcılığıma başlamaq istədim. Kətan üzərində yağlı boya, portretlər çəkirəm. Sonra bir neçə dəfə sərgilərə qatıldım. İkinci kursda oxuyurdum. Çox möhkəm qar yağırdı və heç sağlam uşaqlar dərsə gəlməmişdilər, amma mən gedirdim. Düşünürəm ki, valideynlərim çox əziyyət çəkir və mən onların əziyyəti hesabına universitetdə sadəcə vaxt keçirə bilmərəm. Amma orada elə uşaqlar var idi ki, ali məktəbə sadəcə vaxt keçirmək üçün gəlirdilər”.

 

5 ildir bu dördayaqlı dəmir onun yol yoldaşına çevrilib. 18 yaşı tamam olmamış Ceyhun qəflətən ayaqları üstündə dura bilmədiyini görüb. Sonra o qorxudan artıq insanlar arasında gəzmək istəməyib, çünki bu haldan artıq sıxılıb, kiminsə qarşısında fiziki məhdudiyyətli olduğu üçün aciz görünmək istəməyib. O, heç bu dəmirlə də sərbəst gəzə bilmir, gərək yanında kimsə olsun: “Ayağımda güc, hissiyyat var. Ayağımı döşəməyə və ya asfalta qoyanda yeri hiss edirəm. Məndə problem topuq hissədədir, sərbəst addım atanda ayağım topuğum əyilir. Çox çətinlik çəkirəm.

Özümə dəyər verməyi sevirəm. Birinci insan özünə dəyər verməlidir, sonra başqalarına. Mən bilirəm ki, çoxlarının bacarmadığı işləri görməyi bacarıram. Çox sevinirəm ki, pis vərdişlərdən uzağam. Bu sənəti seçdiyim üçün də peşman deyiləm. Sənətimi sevirəm və hər işimi zövqlə işləyirəm”.

 

Ceyhun indiki halının rəssamlıqla məşğul olmağa heç bir problem yaratmadığını deyir. Hətta deyir ki, bəlkə də səhhətində hər şey normal olsaydı, o bu sənətə yiyələnməzdi. Başqa məşğuliyyəti olmadığı, başqaları kimi küçələrdə dostları ilə zaman keçirməkdən məhrum olduğu üçün bütün zamanını rəsm çəkməyə həsr edib. Deyir, əgər bir gün sağalsam, heç bir zaman bu sənətdən vaz keçmərəm. Ceyhun deyir ki, ayaqları tutulmamışdan əvvəl böyrəklərində də problem aşkarlanıb. Bu səbəbdən ona çox ağır iynələr vurulub. Bu dərmanların onun indiki vəziyyətinə təsiri olduğunu bildirirlər. Onun bu cür olduğunu 2005-ci ildə nənəsinin gözü qabağında ölməsi və bu hadisədən ciddi qorxması ilə də əlaqələndirənlər var. Bu hadisədən sonra ailəsi Ceyhunun başını, onurğasını tomoqrafiya etdirib. Ötən il isə Ceyhun Türkiyədə olarkən ümumi müayinədən keçib: “Türkiyədə 21 gün fizioterapiya, massaj kursu tətbiq olundu. Ayaq əzələlərimə daha çox kömək oldu. Bu problemi sinirlə əlaqələndirirlər. Bu zamana kimi yadıma gəlmir ki, mənim nə zamansa ayağım, və ya başım ağrasın. Mən ağrı hiss etməmişəm və etmirəm”.

 

Ceyhun hesab edir ki, onun səhhətindəki problem ortadan qalxsa, o Vətəni adına daha çox nailiyyətlər əldə edə bilər. O özünə həsr etdiyi rəsm əsərini şah əsər sayır: “Özümə həyatdan küsməməyi, bu yolda, istər həyatımda, sənətimdə, uğurlar əldə etməyi arzulayıram və ən böyük hədəfim də dahi rəssam olmaqdır. Bu yolla addımlayıram”.

 

Qəhrəmanımız deyir ki, Allah mənə çox güclü səbir, həvəs verib. O rəssam olmasını Allahın vergisi hesab edir: “Ən çox sevdiyim rəssam Səttar Bəhlulzadə və ondan sonra ustadım Fikrət Cəfərovdur. Xarici rəssamlardan o qədər xoşum gəlmir. Ürəyin təmiz və safdırsa, səndən dahi rəssam ola bilər. Paxıllıqla sən heç zaman gözəl rəssam ola bilməzsən. Hər birimiz Allahın bəndələriyik. Ola bilər ki, kiminsə ayağında, əlində, gözündə problem ola bilər, amma əsas əqli xəstə olmasın”.

 

24 yaşlı Ceyhun evin birinci övladıdır. Onun 21 yaşında bir qardaşı var. Deyir nəsildə və ailədə heç kimdə bu cür problem olmayıb. Bütün bunlara baxmayaraq, o hər dəqiqəsinə şükür edir. Deyir, məndən ağır vəziyyətdə olan insanlar da var və mən düşünməyi, rəsm çəkməyi bacarıram. Bu da ona yaşama gücü verir. Ceyhun artıq neçə müddətdir ölkədə keçirilən bir çox sərgilərdə iştirak edir, çoxsaylı sertifikat və diplomları var.

 

...Ceyhun düşünür ki, onun bu xəstəliyinin mütləq müalicəsi var. Sadəcə onun müalicəsinin düzgün aparılması üçün güclü mütəxəssisə və köməyə ehtiyac var. Ceyhun heç kimdən kömək istəmədi, ümumiyyətlə qəhrəmanımız hesab edir ki, bu onun üçün aciz hərəkət olar. Arzuları və cəsarəti bir gün Ceyhunu dimdik ayaqda görəcəyimizə ümid verir. Onun həyata baxışı, ümidsizliyə qapanmaması bu vəziyyətə düşüb həyatdan vaz keçən insanlar üçün də bir örnəkdir. Dilə gətirməsə belə, bu cür örnək insanlara kömək etmək lazımdır. Ən azı eyni vəziyyətdə olan digər fiziki qüsurlu insanların qəlbinə ümid oyatmaq üçün...

 

 

X

XƏBƏRLƏR
BÖYÜT