28 aprel nə aldı, nə verdi: Nərimanov müəmması - MÜZAKİRƏ
13:44 – 30 Aprel, 2018

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və hakimiyyət boşleviklərin əlinə keçdi. Aprel işğalı Azərbaycandan nələri verdi? Nələri itirdik? Bütün bu proseslərdə Nəriman Nərimanovun müəmması nədən ibarət idi? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu suallara aydınlıq gətirilib.

 

Tarix elmləri doktoru, professor Anar İsgəndərov deyib ki, 1920-1991-ci illərdə mövcud olan quruluş formaca respublika olsa da, məzmunca respublika deyildi: "1920-ci ildən sonra, 1918-1920-ci illərdə qazandıqlarımızın hamısı əldən getdi. Qalan nə oldu? Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük yadigarı olan Bakı Dövlət Universiteti". Anar İsgəndərov Nəriman Nərimanova barəsində də danışıb: "Nəriman Nərimanov xalqını nə qədər dərin məhəbbətlə sevən şəxs olsa da, bu xalqın xoşbəxtliyinə gəlib çatanda yolu düzgün seçə bilmirdi. Son nəticədə özü etiraf etdi ki, bolşevizmi sevmək düzgün yol deyil".

 

Tarixçi Arif Gürşadoğlunun sözlərinə 20-ci illərdə sovet hakimiyyətinə qarşı 53 üsyan olmuşdu: "Əgər 28 aprel bizə nə isə veribsə, o aksiyalar olmamalı idi". Tarixçi hesab edir ki, Nəriman Nərimanovun nə qədər səhvləri olsa da, Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması ilə bağlı xidmətlərini danmaq mümkün deyil.

 

Tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl bolşevik hakimiyyətini tənqid edərək, onları əxlaqsız adlandırıb. Tarixçi Nəriman Nərimanovun fəaliyyətinə də toxunub: "Nərimanov mart soyqırımından sonra bolşevik olaraq qalmamalı idi və mart soyqırımını törədən Şaumyanın hökumətində şəhər təsərrüfatı komissarı vəzifəsini tutmamalı idi. Yəni faktiki olaraq Nəriman Nərimanov Şaumyanın hökumətində 27-ci Bakı Komissarı olub". Cavid İsmayıl hesab edir ki, Nərimanov həmin dövrdə mart soyqırımı ləkəsini üstündən atmaq məqsədilə Həştərxana getmişdi.

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT