"Təzə doğulan körpənin üzünə şüşə qoyub, uşaq boğulub" - SABİRABADDA İKİ KÖRPƏ ÖLÜMÜ
15:54 – 15 May, 2018

Sabirabadda yeni doğulan iki körpə  - qız və oğlan doğuşdan bir neçə saat sonra ölüb.

APA TV-nin Mil-Muğan  bürosunun məlumatına görə, hadisə Sabirabad Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Sabirabad rayonunun Əsgərbəyli kənd sakini, 1995-ci il təvəllüdlü Yusifova Rəvanə Rahil qızının dünyaya gətirdiyi qız körpəsi də bir neçə saat qaldıqdan sonra ölüb. Elə həmin saatlarda rayonun Yeni Novruzlu kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədova Saniyə Daxıləli qızının gecə saatlarında doğulan oğlan cinsindən olan körpəsi səhər saatlarında ölüb. Saniyə Əhmədovanın qayınanası Məleykə Əhmədova deyir ki, ana sağlam hamiləlik keçirib:

 

"Üç gün qabaq aparata aparmışdım. Tam doqquz aylıq sağlam uşaq idi. Doqquz aydır müayinəyə aparıram. Saat 7 oldu, dedim ki, əgər uşaq olmayıbsa, mən öz həkimimizi çağırım. İçəri girdim, bunlar yox oldular. Halbuki məni içəri qoymurdular. Qapını vururdular ki, içəri olmaz. Sonra girdim içəri, nə həkim var, nə qapıçı. Yuxarı çıxdım ki, bəs mənim uşağım hanı? Gördüm gəlin oradadır. Bəs uşaq hanı? Sonra həkim gəldi ki, uşaq sağlam olub. Boynuna cift dolaşıb. Veriblər aparata, Araz həkimə. Ürəyi bir az zəif vurur. Aparata qoşacaqlar".

 

Saniyə Əhmədovanın atası həkimin körpəyə oksigen vermədiyini deyir:

 

"Uşaq saat 4-də anadan olub. Anası deyir ki, həkim uşağın sağlam doğulduğunu deyib. Bağırsaq boğazına dolaşıbmış, onu da açıblar. Aparıblar oksigen verməyə. Araz həkim oksigen verməyib. Şüşəni uşağın üzünə qoyub, uşaq boğulub".

 

Həkim Araz Usubov isə ittihamları rədd edir:

 

"Mən uşaq  həkimiyəm. Doğulduqdan sonra uşağa cavabdehəm. Birinci uşaqda doğularkən heç bir həyat əlaməti olmayıb. Amma ikinci uşaqda ürək vurğuları olub. İlkin reanimasiya tədbirlərinə baxmayaraq, onu həyata qaytarmaq mümkün olmayıb.

 

Saniyə Əhmədovanın atası körpənin ölümünə görə həkimin cinayət məsuliyyəti daşıdığını bildirib:

 

"Mən həmin uşağı tutan həkimi danışdırdım. Dedi ki, uşaq doğulanda sağlam doğulub. Aparıb qoyub şüşənin altına, oksigen verilməyib uşağa. Burada yalan söhbət yoxdur. Siz cinayət məsuliyyəti daşıyırsınız. İşdən çıxmalısınız".

 

Doğulan körpələrin hansı səbəbdən öldüyü hələlik məlum deyil. Uşaqların valideynləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. Körpələrin meyitləri Sabirabad Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə göndərilib.

 

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

X

XƏBƏRLƏR
BÖYÜT